İmişlidə 27 sentyabr – Anım Günü qeyd olunub İmişli rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr – Anım Günü qeyd olunub.

Tədbirdə şəhid ailələri, rayon rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları tərəfindən şəhidlərimizin məzarlarına, abidənin önünə gül-çiçək dəstələri qoyulub, sonra Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. Bildirilib ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var – Şəhidlik zirvəsi.

Bu zirvəyə ucalmaq hər insana nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilirlər. İgid oğullarımız bu qəhrəmanlığı, mübarizliyi 27 sentyabr 2020-ci ildə başlayıb, 10 noyabr 2020-ci ildə düşmənin darmadağın edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsində gedən qanlı döyüşlər zamanı bütün dünyaya nümayiş etdirdilər.

Azərbaycanın qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın həmrəyliyi və Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə 30 illik yurd həsrətimizə son qoyuldu.

Tədbirdə çıxış edən şəhid valideynləri qürur və iftixar hissi ilə qeyd ediblər ki, bu möhtəşəm Qələbə xalqımızın həmrəyliyi, milli birliyi sayəsində əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, dözümlülük və sarsılmaz birlik nümayiş etdirdilər.

Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı isə şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.

İstinadlar Report