Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər. 

DİN-dən verilən məlumata görə, Su Nəqliyyatında  Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş reydlər nəticəsində İmişli  rayonunun Qızılkənd kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Rayon sakini olan Samir Teymurov qeyd olunan ərazidə kustar üsulla hazırlanmış, elektrik cərəyanı buraxılmaqla balıqların məhvi üçün nəzərdə tutulmuş elektrik avadanlığından istifadə etməklə qanunsuz fəaliyyətlə məşğul ikən elə iş başındaca yaxalanıb. Bu zaman ondan balıq məhsulları, ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutulmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.  

İlkin təhqiqat zamanı bu şəxs göstərilən üsulla balıq ovlamağın qanunsuz olduğunu bilmədiyini vurğulayıb. Polis əməkdaşları qanunlardan xəbərdar olmamasının onu məsuliyyətdən azad etmədiyini, müvafiq dövlət orqanlarının rəsmi icazəsi (lisenziyası) olmadan balıqların, digər heyvanların ovlanmasının  mövcud qanunvericiliyə zidd olduğunu, bu sahəni tənzimləyən qanunlara və digər normativ-hüquqi aktlara ciddi riayət edilməsinin zəruriliyini S.Teymurovun nəzərinə çatdırıblar. 

Oxumağa dəyər:   "Brent"in qiyməti bir az da düşdü

Hazırda İdarədə faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq S.Teymurov barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbir görüləcək.

 


İstinadlar Qafqazinfo