İmişlidə ev yandı – Video

İmişli şəhərinin Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları 40m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib.
“TikTok”da gördüyü elan başına bəla oldu – Video

Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir.
O, “Tik Tok” platformasından tanıdlığı şəxslə avqust ayında əlaqə saxlayıb. İki ay sonra işin hazır olacağı deyilsədə 8 aydır ortalıqda mebel yoxdur:
“Anam “Tik Tok”da bir neçə şirkətlərə baxmışdı. Hamısı yüksək qiymətlər dedi. Bu şəxs səhifəsində canlı açırdı. Anam dedi ki, əl işlərini çox bəyənir. Bununla danışıb razılaşdıq. Bir neçə dəfə evə gəldi, ölçü götürdü. Bu şəxs isə bütün ev üçün 9 min manat demişdi. Dedi ki, “beh atacaqsınız və onun müqabilində iş görəcəm”. Mən də bildirdim ki, gedib sexə baxaq. O da dedi ki, “narahat olmayın sex də, iş yerimiz də var. Sizə kartımı və şəxsiyyət vəsiqəmi də atacam”.
Bundan sonra zərərçəkən mebel hazırlayacağına dair söz verən şəxsin kartına 4900 manat ödəniş edib. Telli Atakişiyeva deyir ki, həmin şəxs anasının evindədə mebel yığacağını deyib. Ondan da 200 manatını aldıqdan sonra yoxa çıxıb. İndi onların nə zənglərinə cavab verir, nədə mesajlarına…
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb.
Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Daha ətraflı videomaterialda:
Milli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində… – Fotolar – Video

AZAL təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramasından üç ay sonra hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi faciənin baş verdiyi əraziyə gedib.
Bu barədə 1news-az məlumat yayıb.
Milli Qəhrəmanın həyat yoldaşı Yana Vilkova bunun ailənin qəza yerinə ilk səfəri olduğunu deyib.
O bildirib ki, hadisədən 3 ay sonra həmin yerə getmək, bu hüznlü gündə həlak olanların xatirəsini ehtiramla yad etmək vacib idi: “Üç ay həm çox, həm də azdır. Sağaltmayan, ancaq ağrının şiddətini azaldan, o taleyüklü günün heç bir detalını yaddaşlardan silməyən zaman…”
Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
“Euronews” Qlobal Bakı Forumundan xüsusi reportaj yayımladı – Video

“Euronews” telekanalında “Focus” verilişinin növbəti buraxılışı efirə çıxıb. Reportaj martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub.
Forum haqqında reportaj telekanalın rəsmi saytında dərc edilib.
“XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksək vəzifəli şəxsləri və siyasətçiləri bir araya gətirdi”, – telekanal qeyd edib.
Reportajda göstərilib ki, forumdakı müzakirələr Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik kimi mövzular ətrafında cəmləşib.
“Liderlər daha sıx beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Albaniya öz Avropa istəklərini təsdiqlədi, ekspertlər isə Qərbi Balkanlarda sabitliyin vacibliyini diqqətə çatdırıblar”, – “Euronews” qeyd edib.
Telekanal, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibənin kadrlarını təqdim edir ki, burada Azərbaycan lideri Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
“Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”, – telekanal İlham Əliyevlə müsahibədən bir parçanı təqdim edib.
Həmçinin “Euronews” Albaniya Prezidenti Bayram Beqayla müsahibənin kadrlarını təqdim edib ki, burada həmin dəyərlərin qorunmasının vacibliyini bəyan edib: “Azadlıq, demokratiya, insan ləyaqəti, ədalət – bunlar qorumalı olduğumuz şeylərdir”.
Bununla yanaşı, telekanal Balkan yarımadasının təhlükəsizliyi məsələsinə diqqət ayırıb. Bu məsələ ilə bağlı telekanal Monteneqronun sabiq prezidenti Milo Cukanoviçlə müsahibədən bir parça təqdim edib ki, burada o, regionun Avropa ilə qarşılıqlı əlaqəsi və Aİ-yə üzvlük perspektivləri barədə danışıb.
“Bu, Qərbi Balkanlarda siyasi qərarlar qəbul edənlər üçün bir çağırışdır. Amma mənim fikrimcə, söhbət yeni geosiyasi kontekstdə Avropanın gələcəyindən gedir”, – Monteneqronun sabiq prezidenti bildirib.
Reportajda həmçinin qeyd olunub ki, forumun iştirakçıları onun qlobal təhlükəsizlik və iqtisadi inkişaf məsələləri üzrə siyasi müzakirələrin formalaşmasındakı rolunu vurğulayıblar.
Sərhədə PUA ilə narkotik atıldı – Video

Martın 21-də DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub.
Bununla bağlı Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb.
Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbala oğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda lombarda maskalı hücum – Video

Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib.
Maskalı şəxs lombardda çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.
Hadisənin görüntüləri obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb.

İkimərtəbəli ev yandı, bir nəfər xəsarət aldı – Video

Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğının biri-birinə bitişik evlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 50m² olmaqla ümumi sahəsi 100m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40m² olmaqla ümumi sahəsi 80m² olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20m² sahədə yanıb. Bitişik digər evlər yanğından mühafizə olunub.
Hadisə zamanı bir nəfər xəsarət alıb.
Sizdən pul istəyən dostunuz yox, dələduzdur! – Növbəti xəbərdarlıq – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
Xəbərdarlıqda qeyd edilib ki, kiberdələduzlar müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.
“Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur”, – deyə müraciətdə qeyd edilib.
Həmin videomüraciəti təqdim edirik:
Ötən gecə tonqala görə 7 yanğın olub – Video

Ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulub.
Bu səbəbdən də ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.
Qeyd olunanları, habelə bir sıra bölgələrdə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Zakir Həsənov Kərim Vəliyevlə müalicə olunan hərbçilərə baş çəkdi – Video – Fotolar

Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş olunub. Nazirliyin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Baş Klinik Hospitalın kollektivi və burada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, ehtiyatda və xidmətdə olan hərbi qulluqçulara, onların ailə üzvlərinə daha keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə tətbiq olunan yeniliklər, o cümlədən yeni praktik müalicə yanaşmaları barədə brifinq təqdim edib.
Müdafiə nazirinə məruzə olunub ki, hərbçilərimizin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradıldığı Baş Klinik Hospitalda tibbi personal yüksək peşəkarlıq və həvəslə fəaliyyət göstərir.
Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.
“İcazəniz varsa, maneəsiz gediş-gəlişiniz təmin olunacaq” – Video

DİN bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.
Nazirliyin müraciətində deyilir:
“Müraciətimiz Novruz bayramını doğma diyarlarımızda – Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir.
Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları!
Bayramınızın şən əhval-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq.
Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobili ilə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir.
Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir.
Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək.
Bayramınız mübarək!”
FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət – Video

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.
Bu FHN-dən məlumat verilib.
Müraciətdə bildirilir:
“Xalqımız milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını böyük təntənə ilə qeyd edir.
Lakin bu bayramla əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətirib çıxarır.
Belə ki, təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb.
Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı;
– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
DİN rayonlara gedənlərə müraciət etdi – Video

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
“Əziz hərəkət iştirakçıları!
Novruz bayramı günlərində bölgələrimizə – şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.
İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.
Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin.
Bayramınız təhlükəsiz olsun!”
DİN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq – VİDEO

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək.
DİN hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır.
“İnşaatçılar” metrosunun yaxınlığında yeni “McDonald’s” restoranı açılıb – Fotolar+Video

Novruz bayramı ərəfəsində, Bakının Yasamal rayonunda “McDonald’s Azərbaycan”ın 31-ci restoranı fəaliyyətə başladı.
Yeni restoran A.M. Şərifzadə küçəsi 257 ünvanında, “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşir.
Restoran, dəqiq həndəsi formalar, minimalist xətlər və funksionallığı özündə birləşdirən müasir “Geometry” dizayn konsepti əsasında inşa edilib. İkimərtəbəli restoran 207 nəfərlik oturacaq yeri ilə geniş müştəri axınını rahatlıqla qəbul edə biləcək.
Restoranda geniş çeşidli içkilər və desertlər təqdim olunan “McCafe” zonası, həmçinin “McDelivery” xidməti mövcuddur. Ailələr üçün daha rahat mühit yaratmaq məqsədilə yaxın zamanda uşaqlar üçün oyun zonası da istifadəyə veriləcək.
Yeni restoranın açılması ilə 80 yeni iş yeri yaradılıb. “McDonald’s Azərbaycan” təkcə məşğulluğu artırmır, eyni zamanda əməkdaşlarına peşəkar inkişaf üçün imkanlar yaradır. Bütün işçilər beynəlxalq standartlara uyğun təlimlərdən keçərək müştəri xidməti, idarəetmə və komanda işi bacarıqlarını təkmilləşdirirlər.
Dünyanın ilk qlobal brendlərindən biri kimi Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan “McDonald’s” 25 il ərzində ölkənin qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir. 100-dən çox Azərbaycan şirkəti ilə əməkdaşlıq edən “McDonald’s” yerli podratçılarla əməkdaşlığa xüsusi önəm verir. Yeni restoranın açılması ilə 80 yeni iş yeri yaradılıb və bununla da “McDonald’s Azərbaycan” əməkdaşlarının ümumi sayı 2850-ni ötüb. Bu da şirkətin yerli iqtisadiyyatın inkişafına və ölkə sakinləri üçün iş yerlərinin yaradılmasına verdiyi töhfəni təsdiqləyir.
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi – Video

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bakı şəhərində keçirilən sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 184 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Kür çayından götürülən su necə təmizlənir – Video

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Kür Su Təchizatı İdarəsi 1970-ci ildən içməli su istehsalını həyata keçirir.
Idarənin ərazisində yerləşən Kür Su Kəmərləri Kompleksinin sutəmizləyici qurğuları Kür çayının səthi suları bazasında layihələndirilərək tikilib.
Kür sutəmizləyici qurğuları hər biri sərbəst fəaliyyət göstərməklə bir-biri ilə paralel yerləşdirilib və eyni ərazidə tikilib. Bu kompleks şərti olaraq KÜR-1 və KÜR-2 adlandırılıb. KÜR-1 su kəmərləri iki mərhələdə, 1970 və 1971-ci illərdə tikilərək istismara verilib. KÜR-2 Sutəmizləyici Qurğuları Kompleksi isə üç mərhələdə – 1984, 1986 və 1988-ci illərdə inşa olunub. Qurğular əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına xidmət edir.
Kür çayından nasoslar vasitəsilə götürülən su üfüqi-horizontal durulduculara ötürülür. Bu barədə məlumat verən Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov bildirib ki, növbəti mərhələdə ilkin xlorlanma, reagentlənmə işləri aparılandan sonra su süzgəclər sexinə ötürülür. Bu zaman süzgəcdən keçdikdən sonra təmiz su anbarına daxil olur. Bu prosesin ardından su nasoslar vasitəsilə magistral xətlərə yönləndirilir.
Kür çayı qar, yağış və sel suları ilə qidalandığı üçün bulanıqlıq həddi normadan yuxarı olur. Bu halda radial su durulducuları işə salınır. Radial durulducularda çökdürülmə prosesləri zamanı kimyəvi reagentlərdən istifadə olunur, nəticədə durulma effektliyi 80-85%-ə qədər artırılır. Bu duruldulmanın birinci pilləsi adlanır. İkinci pillədə isə şəffaflanma prosesi üfüqi tipli durulducularda aparılır. Kür sutəmizləyici qurğularda texnoloji ardıcıllıqlara uyğun olaraq üçünçü pillə təmizləmə-tam şəffaflanma adlandırılır, bu proses sürətli süzgəclərdə aparılır. Emal prosesləri zamanı sular süzgəclərdən keçirilərək içməli su həddinə çatdırılır. Süzgəclərdə təmizlənmiş su təmiz su rezervuarına toplanılır və oradan da qaldırıcı nasoslar vasitəsilə Bakı şəhərinə və digər tələbatçılara verilir. Bütün bu proseslərə Kür Su Təchizati İdarəsinin mütəxəssisləri nəzarət edir.
Eldəniz Həsənov Kür Sutəmizləyici Qurğuları Kompleksində mövcud olan laboratoriya haqqında məlumat verərkən bildirib ki, laboratoriyada işlər fasiləsiz icra olunur: “Həmçinin Şirvan şəhərində yerləşən regional laboratoriyada da həftədə 2 dəfə suyun tərkibi yoxlanılır. Qarşıda qoyulan öhdəliyə əsasən əhaliyə çatdırılan su yüksək keyfiyyətə cavab verməlidir. Biz də çalışırıq ki, bu tapşırığı layiqincə yerinə yetirək”.
Qeyd edək ki, Kür Su Təchizatı İdarəsi aran bölgəsinin 7 rayonuna xidmət göstərir. Bu rayonlar Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhəridir. Bundan başqa magistral kəmər boyu kənd və qəsəbələrə də keyfiyyətli Kür suyu verilir.