REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun bu gün məhkəməsidir. Şəki Apelyasiya Məhkəməsində proses 11:00-da başlayacaq. Məhkəməyə baxış iclası hakim Gündüz Abbasovun sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İ.Məmmədov barəsində yeni qərar çıxararaq, kasasiya və apelyasiya instansiyalarının vicdan məhbusu haqqında qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

Avqustun 3-də Şəkiyə aparılan partiya sədrinin bu məhkəməsinə ümidlər böyükdür. Ona verilən 7 illik həbs cəzasının bitməsinə 1 il 6 ay qaldığı nəzərə alınaraq, onun azadlığa çıxma şansları yüksək qiymətləndirilir. Xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrinin bu məhkəmə prosesini izləyəcəkləri gözlənilir.

İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova onun son durumu və məhkəmə prosesi barədə bunları dedi: “İlqar Şəkiyə aparılandan onunla görüşməmişik, amma telefon əlaqəmiz olub. Ümumi vəziyyəti normaldır. Lakin uzun müddətdir kamerada olmadığı üçün insan bir az sıxılır. Şəki həbsxanasında bir az su problemi var. Ona görə belə yüngül problemlə üzləşib. Telefon danışığı zamanı məhkəməsi barədə hər hansı bir fikir söyləmədi. Əslində bu məhkəmənin olması bir az qəribədir. Çünki Avropa Məhkəməsi İlqar barəsində keçirilən məhkəmə proseslərinin doğru aparılmadığını bildirib. Bu o demək idi ki, burada verilən qərarların hamısı ləğv olunmalı idi.

Oxumağa dəyər:   Ramil Usubov işdən çıxardığı rəisə yeni vəzifə verdi

Amma Ali Məhkəmənin Plenumu, sadəcə, iki qərarı ləğv etdi. Nəticədə iş üçüncü dəfə Şəki Apelyasiya Məhkəməsinə göndərildi. Bunun mənasını başa düşmürük. İki dəfə Şəki Məhkəməsi bu işə baxaraq, eyni qərarı verib. Üçüncü dəfə nəyə baxacaq? Bu məhkəmədən gözləntilərim var. Çünki günahsız bir insanı uzun müddətdir həbsdə saxlamaq doğru deyil. Azərbaycan hakimlərindən ədalətli qərar gözləyirəm. İlk məhkəmə prosesinə getməyəcəm. Çünki bu məhkəmənin bir proseslə yekunlaşmağını gözləmirəm”.

REAL Məclisinin başqanı Azər Qasımlı xarici nümayəndələrin məhkəmə prosesində iştirak edəcəklərini bildirdi: “Biz dəvət etməmişik, amma onların iştirak edəcəkləri barədə məlumat almışıq. Bu da normaldır, çünki İlqar Məmmədovun işi çox önəmlidir. Xarici nümayəndələr iştirak etməsələr, bundan çox təəccüblənərdim. Açığı, bu məhkəmədən gözləntimiz 50-50-yədir. Azad oluna da bilər, olunmaya da. Əvvəlki səhv qərarlardan, nəhayət, vaz keçilsin. Lakin bunun olacağına o qədər də ümidli deyiləm. Çünki indiyə qədər dəfələrlə gündəmə İlqar Məmmədovun azad ediləcəyi xəbərləri gəlib. Çox istərdik ki, İlqar azad olunsun. İndiki məhkəmə prosesi uzana da bilər. Bir aya da bitməsi mümkündür. Hətta avqustun 10-dakı prosesdə onu azad da edə bilərlər. 6 ay, yaxud bir il də uzadılsa təəccüblənmərik. Konkret məhkəmədən və hakimdən biz heç nə gözləmirik”.

Oxumağa dəyər:   Səyahətə çıxanlar üçün hava proqnozu

İ.Məmmədovun vəkili Fuad Ağayev məhkəmə prosesi barədə danışmağın tez olduğunu söylədi: “Öncəliklə proqnoz verməyi xoşlamıram. Məhkəmə proseslərinin uzanıb-uzanmayacağı barədə də nəsə deyə bilmərəm. Çünki bu tək məndən və İlqar Məmmədovdan asılı məsələ deyil”.

 

İstinadlar musavat.com