Ötən ilin yanvar ayında Tovuz rayonunda yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun ilk məhkəmə iclası keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Məhkəmədə anket məlumatları dəqiqləşdirilib, baxış iclası iyunun 1-nə təyin edilib.

Prosesdə İlkin Süleymanovun şüşə qəfəsdən fotosu yayılıb.

Qeyd edək ki, 2019-cu il noyabrın 21-də itkin düşən N.Quliyevanın 47 gündən sonra, 2020-ci il yanvarın 6-da yanmış meyiti tapılıb. İttihama görə, İ.Süleymanov Nərmini küçədə görüb aldatdıqdan sonra evə aparıb və valideynləri ilə birgə qaldığı həyətdə heç kimin olmadığı evdə saxlayıb.

Rəsmi açıqlamada bildirildi ki, İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İstinadlar Qafqazinfo