Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri qardaş ölkə mediasında geniş işıqlandırılıb.

Türkiyənin mətbu orqanları tərəfindən yayılan informasiyalarda Prezident İlham Əliyevin və Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə, birinci xanım Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşünə, eləcə də səfər çərçivəsində imzalanan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasına xüsusi diqqət çəkilib.

Anadolu Agentliyi dövlətimizin başçısının Türkiyəyə səfəri ilə bağlı “Azərbaycan Prezidenti Əliyev: Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Prezident Ərdoğan: Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açıldı” sərlövhələri ilə bir neçə məqalə yayımlayıb.

Türkiyə və Azərbaycan prezidentlərinin fikirlərinin geniş oxucu kütləsinə çatdırılan xəbərlərdə dövlətimizin başçısının Türkiyənin bu gün dünyadakı rolu vurğulanıb, İkinci Qarabağ müharibəsi dövründə qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin savaş meydanında cəmi 44 gün ərzində həll edildiyi diqqətə çatdırılıb, Türk dünyasının birləşməsinin, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünü gücləndirəcəyi, TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də qatılacağı bildirilib.