İlham Əliyevin qətiyyətinin kadrları… – Video

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bölgədən vaxtından əvvəl çıxır. Bununla bağlı hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib və proses başlayıb.
Tarixi hadisəyə “Real TV”nin rəhbəri Mirşahin Ağayev də öz münasibətini bildirib.
Bununla bağlı telekanalın xüsusi buraxılışını təqdim edirik:
“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
Silsilə əməliyyatlar paytaxtda və bölgələrdə keçirilib.
Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Toğrul Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.
O, 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir.
Bu, sadəcə bir gəncin uğur hekayəsi deyil – bu, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır.
Sən də yoluna peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt!
Qəbələdə ailə evsiz qaldı – Video

Qəbələ rayonu, Kürd kəndində ev yararsız hala düşüb.
Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Bakıda kişi 9 qaşığı niyə udub? – Video

9 ədəd qaşıq udan Bakı sakini Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış.
Kişi elə qaşıqları da orada olarkən udub.
“Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , – Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir.
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur.
Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Serialları tənqid etməsi ilə məşhur olan türkiyəli yutuber Murat Soner Azərbaycana gəlib.
O, Bakı səfərindən maraqlı vloq paylaşıb. Sözügedən video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdə qərarlaşıb. Bir gecəyə həmin video yarım milyon baxış yığıb.
M. Soner paytaxtımızı bir qədər gəzdikdən sonra “Mall”da kinoteatra gedib. O, film afişalarının yetərli olduğunu, lakin izləyici sayının Türkiyədəki kimi azlıq təşkil etdiyini bildirərək təəssüflənib.
Bloqer, həmçinin Azərbaycan yeməklərinin ləzzətli olduğunu bildirib. O, şirniyyatlardan paxlava və şəkərburanın dadına baxıb.
Bundan sonra o, bir neçə serialımızı izləyib. İzləyiciləri isə Sonerə bildirib ki, Azərbaycanın ən yaxşı ekran işi “Əqrəb mövsümü”, ən pis isə “Vicdan haqqı” serialıdır.
Yutuber, eyni zamanda Bakının gözəlliyindən danışaraq binaların Avropa stilində inşa edildiyini söyləyib.
Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 150 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Abşeronda iaşə obyektində qətl hadisəsi törədilib.
Hadisə ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşdükdən sonar baş verib.
Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.
İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.
Bununla əlaqədar İTV sujet hazırlayıb.
Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”.
Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.
Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.
Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.
Ətraflı İTV-nin videomaterialında:
“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Xəbər verdiyimiz kimi, ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.
O, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.
Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.
Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.
İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.
Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.
Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.
Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.
Mövzu ilə bağlı daha ətraflı süjetdə:
Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
“Qafqazinfo” həmin görüşlərin qısa videoicmalını təqdim edir:
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.
Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirməsi isə suallar yaradıb.
Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.
Prezidentləri güldürən sürpriz… – Video

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Tədbirin bədii hissəsində maraqlı anlar yaşanıb.
Belə ki, Zirvə toplantısında iştirak edən liderlərin sünii intellektlə uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarına öz dillərində salamlarını çatdırıb. Bu isə zalda böyük maraqla qarşılanaraq dünya liderləri daxil olmaqla hər kəsin gülüşünə səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.
Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.
Paşinyan İTV-yə müsahibə verdi – Video

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.
Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:
“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.
Ətraflı süjeti təqdim edirik:
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.
Hazırda tikinti üçün sənəd işləri hazırlanır.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.
Daha ətraflı “Xəzərxəbər”in süjetində:
Həmçinin baxın
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO