“Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmişlər”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər. Amma buna baxmayaraq, heç kim buna inanmırdı. Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. İndi qədim tarixi saxtalaşdırırlar, indi saxta kitablar yazdırırlar, simpoziumlar, tədbirlər keçirirlər. Amma bu, nisbətən yaxın tarixdir. Şuşanı quran, Şuşa şəhərini salan bizim əcdadımız Pənahəli xan olmuşdur. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Şuşa şəhəri salınıbdır. Ondan əvvəl Pənahəli xan Bayat qalasını, Şahbulaq qalasını salmışdır. Təsadüfi deyil ki, bu şəhərə verilən birinci ad Pənahabad idi, öz adını vermişdir. Ondan sonra isə Şuşanın təmiz havasını, şüşə kimi havasını nəzərə alaraq bu şəhərə Şüşə, yəni, Şuşa adı verilmişdir.

İstinadlar Report