Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə dövlətinin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçıları Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha toxunaraq, bu Bəyannamənin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər.