Azərbaycan bu günə iki mühüm xəbərlə başladı: Zəlzələ və növbədənkənar prezident seçkilərinin elan edilməsi. Hər ikisi  proqnozlaşdırılması olduqca çətin hadisələr olsa da mövzumuz məhz seçkilərlə bağlıdır. Bəs belə bir qərar verilməyinin səbəbi nə ola bilər?

Azərbaycan 24 mövzu ilə bağlı Beynəlxalq Münasibətlər üzrə ekspert Elgün İbrahimovun fikirlərini öyrənib. O, saytımıza açıqlamasında bildirib ki, Azərbaycan prezidentinin seçki texnologiyalarından məharətlə istifadəsi ilk dəfə deyil:

“Xatırlayırsınızsa, 2018-ci ildə də belə bir sürpriz qərar verilmiş və prezident seçkiləri bir neçə ay önə çəkilmişdi. Bundan iki il sonra isə Milli Məclis buraxılmış və yenə qış mövsümündə yeni seçkilərə gedilmişdi. Bütün bunların təbii ki, obyektiv səbəbləri var. Azərbaycan hakimiyyəti bununla ölkəmizə qarşı məhz seçki dönəmlərində həyata keçirilməsi planlaşdırılan təxribatları puça çıxarmaq üçün manevr kimi istifadə edir.  Bu dəfə isə məsələ tamamilə fərqli və daha ciddidir. Qarabağ məsələsi və dünyada, eləcə də regionumuzda gedən proseslər 2025-ci ildə iki mühüm seçki – Prezident və parlament seçkilərini keçirməyi ölkəmiz üçün zəif bəndə çevirmiş olur. Həm Qərb, həm də region ölkələrindən bəziləri bunu fürsət bilərək ölkəmizə qarşı təzyiq vasitəsi olaraq, həmçinin məkrli planlar quraraq sabitliyi pozmaq və iğtişaşlar törətmək üçün hərəkətə keçə bilər. Riskə getməmək və mümkün təzyiq dalğasını neytrallaşdırmaq üçün Azərbaycan Prezidentinin belə bir gediş edəcəyi gözlənilən idi. Amma heç də hamı seçkilərin bu qədər önə çəkiləcəyini gözləmirdi. Hesab edirəm ki, bunun da səbəbi 2025-ci ildə həm də Parlament seçkilərinin olacağı ilə bağlıdır. Bildiyiniz kimi, Prezidentin səlahiyyət müddətinin 5-dən 7 ilə artırılmasından sonra ilk dəfə Milli Məclisə seçkilər və Prezident seçkiləri eyni ilə düşəcəkdi. Bu isə olduqca həssas sayılan 2025-ci ili ölkəmiz üçün ikiqat təzyiq vasitəsinə çevirirdi.  Məlumdur ki, 2025-ci ildə Qarabağda sülhməramlıların qalma müddəti başa çatır və Rusiya ilə çətin danışıqlar və qərarvermə prosesi olacaq. Üstəlik, Qərbin bəzi dairələri də erməniləri Qarabağa qaytarmaq, Azərbaycanın azad edilmiş torpaqlarda möhkəmlənməsinə mane olmaq üçün fürsətlər axtarışındadır. Bütün bu səbəblərdən hətta 2025-ci il parlament seçkilərinin də önə çəkilməsi və ölkəmizin həmin ilə siyasi simptomlar olmadan girməyə çalışacağı da istisna edilməməlidir. Hazırda Qarabağ fatehi kimi ölkədə reytinqi 90%-in üzərində olan İlham Əliyevin seçki texnologiyalarından ölkəmizə qarşı planları pozmaq və siyasi təlatümlərdən uzaq daha 7 il ərzində suverenlik və ərazi bütövlüyünün tam möhkəmləndirilməsi üçün istifadə edəcəyi şübhəsizdir. Daha bir maraqlı məqam seçkilərin məhz qış vaxtına salınmasıdır. Azərbaycan Konstitusiyasına görə seçkilər əvvəllər payız aylarında keçirilirdisə,  ölkənin Ali qanununa edilən dəyişikliklər Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyəti verir. Azərbaycan rəhbərliyi isə seçki taktikalarını mahir şəkildə tətbiq edərək əsas seçkiləri qış mövsümünə salmaqla potensial  təxribat cəhdlərininin ayaq açmasını təbii iqlim şərtləri ilə də tənzimləmiş olur.”