Prezident İlham Əliyev bugünkü iclasda ölkənin iqtisadi göstəricilərindən danışıb:

”Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir. İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Əgər ölkələrə biz nəzər salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal ixracı üstələyir. Azərbaycanda isə biz bunun əksini görürük. Özü də biz ölkəyə ixracla bağlı daha çox – 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik. Əgər biz buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı ilə bağlı apardığımız siyasət, görürsünüz ki, ilk növbədə, maliyyə sahəsində özünü büruzə verir. Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq.
Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır.”