Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terrorla bağlı yeni detallar açıqlayıb.
Bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib.
Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.
Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb.