“Cənab MakAlister, Sizi görməyə çox şadam. Mən bizim görüşümüzü xatırlayıram. Bilirəm ki, siz bu qətnamənin lehinə səs verməmisiniz. Lakin əfsuslar olsun ki, bir çox Avropa parlamentariləri heç bir əsas olmadan bizi hücuma məruz qoyublar”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Beləliklə, vəziyyət belədir. Biz real dünyada yaşayırıq, bu, bizim seçimimiz deyil. Siz mənim mövqeyimi bilirsiniz. Mənim mövqeyim 2017-ci ildə sonuncu görüşümüzdən bəri dəyişməyib. Biz Avropa ilə yaxın münasibətlər qurmaq istəyirik və bizim bütün etdiklərimiz, o cümlədən indicə qeyd etdiyim əməkdaşlığın nəzərəçarpan əlamətləri bunu nümayiş etdirir. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər. Yəqin ki, bu, mənim giriş nitqimin sonu olacaq. Düşünürəm ki, bu, zəruridir. Çünki mən səfərinizin indi – bu səhər başladığını bilirəm və özümü sanki heç nə baş verməyib kimi aparmaq istəmirəm. Baş verib, çox ciddi və bizi narahat edən məsələ baş verib. Buna görə də mən sizi özümün və Azərbaycan xalqının mütləq əksəriyyətinin baxışları haqqında məlumatlandırmağı qərara aldım. Onlar torpaqlarımızı özümüzün azad etməyimizdən, cəsur əsgərlərimizdən, Vətən uğrunda canından keçənlərdən, azərbaycanlı olmaqdan, işğala son qoyan, ədaləti, milli ləyaqətini bərpa edən və indi uğurla inkişaf edən xalqın nümayəndələri olmaqdan qürur hissi keçirirlər”, – dövlət başçısı qeyd edib.