2018-ci ilin aprel ayından 2024-cü ilin fevral ayına kimi “Azexport” portalı Azərbaycandan ixracı üçün 696 adda məhsula sərbəst satış sertifikatı təqdim edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.
“Sözügedən sertifikat insan orqanizmi ilə birbaşa təmasda olan tibbi avadanlıqların, dərman vasitələrinin və qida məhsullarının xarici bazarlara ixracı zamanı bəzi ölkələr tərəfindən tələb olunan sənədlərdən biridir”, – məlumatda deyilir.
Bu sertifikat sadalanan kateqoriyadan olan məhsulların Azərbaycandan ixracı zamanı tələb olunan zəruri sənədlər siyahısında yoxdur və könüllü xarakter daşıyır. Buna baxmayaraq, bəzi ölkələrdə sərbəst satış sertifikatı zəruri sənədlər siyahısına daxil edilib. Bu da həmin ölkələrdə qida və dərman məhsullarının idxalı zamanı sərbəst satış sertifikatın mövcudluğunu mütləq şərt edir.
“Hazırda dünya ölkələrində bu sertifikata olan tələb artmaqdadır. Yəni hər il daha çox ölkə sərbəst satış sertifikatını qida və dərman məhsullarının idxalı üçün zəruri sənədlər siyahısına əlavə edir. Bəzi hallarda sertifikatın beynəlxalq adı regiona görə dəyişir. Buna misal olaraq “Free Sale Certificate” (FSC), “Certificate of Free Sale” (CFS) və “Free Sale Declaration” (FSD) kimi formaları qeyd etmək olar. Adların fərqli olmasına baxmayaraq, bunlar Azərbaycanda “Azexport” portalı tərəfindən təqdim olunan sərbəst satış sertifikatı ilə eyni hüquqa malik sənəddir”, – İİTKM bildirir.