
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.
Bununla bağlı “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ndə qeyd edilib.
Nizamnamənin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır.
İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.