Yanvarın 31-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı öz başsağlığını ifadə edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq hüquq normalarının, o cümlədən “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan baş katib Xusrav Noziri cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.