İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin beynəlxalq idarə heyəti və katibliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə İƏGF Avrasiya Regional Mərkəzi 2022-ci il martın 1-də İtaliya Senatında keçirilmiş “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” beynəlxalq konfransı çərçivəsində təsis edilmiş “Xocalı: Barışıq üçün Etiraf Et” beynəlxalq koalisiyasının fəaliyyətinə dəstək ifadə edilib.

Bu koalisiya Srebrenitsa Anaları Assosiasiyası, İtaliya İnsan Haqları Federasiyası və Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin nümayəndələrindən ibarətdir. Beynəlxalq koalisiyanın əsas məqsədi Ermənistanın Xocalı soyqırımını etiraf etməyə və bununla bağlı dövlət səviyyəsində faciə qurbanları qarşısında üzr istəməyə, etiraf vasitəsilə azərbaycanlılar və ermənilər arasında dialoqa, Cənubi Qafqazda barışığa və dayanıqlı sülhə nail olmaqdır.

Bəyanatda indiki Ermənistan rəhbərliyindən Xocalı soyqırımını etiraf etmək, bu cinayəti törədənləri Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək, eləcə də beynəlxalq ictimaiyyətdən bu soyqırımına hüquqi qiymət verməklə bağlı çağırış edilib. Sənəddə Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına və hökumətinə başsağlığı verilib.

İstinadlar Report