“COVID-19” pandemiyasına baxmayaraq 2020-ci ildə dünya mikroelektronika komponentləri bazarı müxtəlif seqmentlərdə müxtəlif templərlə inkişaf edib. Ümumi satış həcmi 464 milyard dollar təşkil edib ki, bu da 2019-cu ildən 10,8 faiz çoxdur. “IDC” şirkətinin analitiklərinin proqnozuna görə, 2021-ci ildə bazarın həcmi 522 milyard dollaradək artacaq.

2021-ci ildə komponent çatışmazlığı davam edəcək. Komponent defisiti ilə əvvəlcə avtomobil istehsalçıları rastlaşsa da, sonradan çatışmazlıq köhnə texnoloji proseslər əsasında hazırlanan bütün mikrosxem seqmentlərində hiss edilməyə başlayıb.

Fərdi kompüter və serverlər üçün prosessorlar seqmentinin həcmi ümumilikdə bazardan daha sürətlə artır. 2020-ci ildə onun həcmi 17,3 faiz artaraq 160 milyard dollar təşkil edib. Analitiklərin fikrincə, 2021-ci ildə bazarın həcmi daha 7,7 faiz artacaq. Mobil telefonlar üçün mikrosxem istehsalçılarının mədaxili “5G” rabitəsini dəstəkləyən daha bahalı prosessorla keçid, smartfonların yaddaş tutumunun artırılması, yeni sensorlar və tezlik spektrinin genişləndirilməsi ilə əlaqədar 9,1 faiz yüksəlib.

Oyun qurğuları, planşetlər, “ağıllı” saat və digər istehlak elektronikası üçün mikrosxemlərin satışı 7,7 faiz artaraq 60 milyard dollara çatıb. Avtomobil mikrosxemlərinin satışı 2020-ci ilin ikinci yarısından bərpa olunub, lakin yanğınların və zavodların fəaliyyətinin dayandırılması 2021-ci ildə də hiss ediləcək.

Nizam Nuriyev

İstinadlar ict news