Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verildiyi ilk gündə 29 171 MVt/saatdan çox, ümumilikdə oktyabr ayı ərzində isə 888 801 MVt/saat enerji tutumunda təbii qaz daxil olacaq.

Bu barədə ICGB-dən məlumat verilib.

“İnterkonnektor vasitəsilə təbii qazın ilk həcmləri Trans-Adriatik Boru Kəmərindən (TAP) ötürülüb. IGB Yunanıstan və Bolqarıstanın Komotini və Stara-Zaqora milli qaz ötürücü şəbəkələrini uğurla birləşdirir. Qaz kəmərinin ümumi ötürücülük qabiliyyəti birinci mərhələdə ildə 3 milyard kubmetr təşkil edir”, – şirkətdən bildirilib.

IGB-nin oktyabrın 1-i, səhər saat 7:00-da kommersiya fəaliyyətinə başladığı vurğulanıb.

Eyni zamanda, qaz kəmərinin istifadəyə verilməsi yeni qaz ilinin ilk gününə və isitmə mövsümünün başlanmasına təsadüf edib.

Qeyd edək ki, bu gün Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

İstinadlar Report