I qrup əlil yanan evdən belə xilas edildi – Video

Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Bağırova Fazilə Bilal qızına məxsus ümumi sahəsi 96kv.m olan 1 mərtəbəli 4 otaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan vermədən yanğını qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı yataqda olan I qrup əlil 1964-cü il təvəllüdlü Bağırov Ədalət Nəhmət oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.
Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcəkdir.
Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.
Həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.
Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.
Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.
Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.
“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;
– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;
– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 2022-ci il avqust ayının 8-dən sentyabr ayının 10-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.
Telefon: (012) 538-35-70.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
“Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Cəlilabadın Sadatlı kəndində də yenilənmə işlər davam etdirilir. 80 abonenti olan kənd ərazisində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndləri ilə yanaşı, rayonun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.
Hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən” deməsi görünür.
Yol polisi isə cavabında ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” deyə bildirir.
Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.
Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.
Bakı-Gəncə qatarında yenilik – VİDEO

Avqustun 10-dan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn rejimdə alınmış biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq.
ADY-dən verilən məlumata görə, bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmayacaq.
Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatını qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri yoxlayacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.
Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.
Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.
Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.
Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.
Qeyd edək ki, sərnişinlər avqustun 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.
“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Andromed klinikasının rəhbəri, həkim Mirzəli Cəfərquliyev Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqinin ondan rüşvət tələb etdiyini iddia edib.
Videomüraciətində M.Cəfərquliyev bildirib ki, bir müddət əvvəl klinikasının yerləşdiyi Xəzər rayonu Mərdəkan qəsəbəsindəki binanın yaxınlığında bir neçə ağac kəsilib. Daha sonra ağacı kəsənlər müəyyən edilərək cəzalandırılıblar: “Bir neçə gün sonra mənə Baş Prokurorluğun İstintaq İdarəsindən zəng etdilər. Müstəntiq Vətən Əliyev mənə bildirdi ki, bu işi bağlamaq üçün 25 min manat verməliyəm. Həmin vaxt ağacların kəsilməsinə hər hansı aidiyyətim olmadığını dedim, ağacı kəsənin də məlum olduğunu, həmin şəxsin günahını etiraf etdiyini və cərimələndiyini qeyd etdim. Lakin məni rahat buraxmadılar. 4 ay ərzində ardıcıl olaraq lüzumsuz yerə məni 20-25 dəfə idarəyə çağırtdırıb saatlarla gözlətdilər, azadlığımı bir növ məhdudlaşdırdılar”.
M.Cəfərquliyev artıq onun barəsində açılmış cinayət işi üzrə materialların Xəzər Rayon Məhkəməsinə göndərildiyini əlavə edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab verilib. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb:
“İş üzrə təqsirləndirilən Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
20 mart 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib”.
Nizam Rza
Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 10 min 143 ədəd yaş halda çəkisi 431 kiloqram olan narkotik tərkibli çətənə kolu və 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitələr aşkar olunub.
Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Balaxanı, Zabrat, Bakıxanov, Maştağa, Nardaran və digər qəsəbələrdə yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 12 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 85 şəxsi evdən və obyektdən pul və məişət əşyaları oğurladıqları müəyyən edilib. Hesabat dövründə Sabunçu rayonunda üzərində qanunsuz olaraq silah saxlayan, quldurluq və soyğunçuluq edən 3 nəfər də tutularaq istintaqa cəlb edilib.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin əlindəki bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Onlar ifadələrində sosial şəbəkə vasitəsilə tanış olduqları xaricdə yaşayan narkotacirin şirnikləndirici vədləri müqabilində Bakıda narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Nərimanov RPİ-nin həyata keçirdiyi digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutulublar. Bu şəxslərdən və idarə etdikləri avtomobillərdən 10 kq-dan artıq heroin, 2 kq tiryək aşkar edilib. Adları qeyd edilən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.
Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.
***
Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Azyaşlı qrup üzrə qaliblər:
I yer Həzrət Əzizli
II yer Fatimə Kərimova
III yer Sabir Ağayev.
Gənc xanəndələr arasında qaliblər:
I yer Fuad Əzizadə
II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova
III yer Daşqın Kürçaylı və Vüqar Əbilov
Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.
Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.
Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.
İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 3-də FHN-in “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanan materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli Cümə xütbəsində ötən gün bir qrup radikal şəxsin Londondakı səfirliyimizə hücum etməsinə münasibət bildirib.
Hacı Şahin baş verənlərin və davranış formasının İslam dinə uyğun olmadığını deyib:
“Baxmayaraq ki, məlum şəxslər orada dini şüarlar səsləndirirdi, əslində bu dini hisslərin istismar edilməsidir. Bu insanların dini və məzhəbi yoxdur. Onların fəaliyyətini araşdıranda məlum olur ki, ilk gündən qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə görürlər. Ordan endirilən, təhqir edilən bayraq uğrunda minlərlə canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. O, bayrağın endirilməsi, təhqir edilməsi, dövlətimizlə yanaşı, dinimizin, inancımızın təhqir edilməsidir”.
Hacı Şahin əlavə edib ki, Londonda törədilən hadisıə bu günlərdə Azərbaycanın həyata keçiridiyi “Qisas” əməliyyatı ilə də bağlı ola bilər: “Mən baxıb görürəm ki, erməni teleqram kanalları Londondakı hadisəni böyük canfəşanlıqla yayırlar. Yəqin ki, zaman göstərəcək ki, bu kimi addımlarda düşmən izi var. Azərbaycanın inanclı insanları da bu kimi hadisələrdə diqqətli olmalıdırlar. Görürük ki, dini hisslərə toxunaraq Azərbaycanda qarışıqlıq yaratmağa cəhd göstərirlər”.
Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb

Baş Prokurorluğun Mətbuat Xidməti “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb.
Bu barədə Xidmətdən məlumat verilib.
Bildirilib ki, Xidmət tərəfindən hazırlanmış videoçarxda “Dini ekstremizm nədir?” sualına vətəndaşlarımıza cavab verilib.
Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazımovun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq Sarıbaba dağını nəzarətə götürüb.
Real TV Sarıbaba dağından reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik:
Mingəçevirdə ahıl kişi bataqlığa düşüb – VİDEO

Mingəçevirdə ahıl kişi bataqlığa düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhərin “Daş Karxanası yolu” deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyatı üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.
Həmçinin baxın
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO
“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video
Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO
HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video
Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı – Açıqlama – VİDEO
Tarixçilərin Ermənistanın yalançı tarixçiləri ilə mübarizəsi: uduzan yalnız erməni cəmiyyətidir – VİDEO
FHN “Şirvan OCL” şirkətinin mərkəzi çənlər parkında yanğın-taktiki təlim keçirdi – Video
İki Şəhid anasının toyda icra başçısı ilə rəqsi duyğulu anlar yaşatdı – Video+Fotolar
Gömrük Komitəsi Dubaydan 30 ədəd telefonun ölkəyə keçirilməsinin qarşısını alıb – VİDEO
Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs olundu – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla