Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsinin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayev iclasa onlayn qoşulub.

O, əvvəlki prosesdə mediada yayılan fotosunu əsas gətirərək kamera qarşına çıxmaqdan imtina edib. Hakim Azər Tağıyev o halın təkrar baş verməməsi üçün bütün lazimi tədbirlərin görüldüyünü nəzərə çatdırsa da, “Quska” fikrindən daşınmayıb.

Təqsirləndirilən Hüseyn Abdullayevin vəkili Ceyhun Yusifov müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədər olaraq ATU-nun professoru Adil Qeybullanın müalicə məntəqəsinə dəvət edilməsi ilə bağlı vəsatət qaldırıb:

“Müdafiə etdiyim şəxsin vəziyyəti ağırdır. O, çəki itirib. Onun müalicə mərkəzində müalicəsinin davam etdirilməsi ilə bağlı vəsatət bundan öncəki prosesdə təmin edilmədi. Lakin bizə bildirdilər ki, məhkəmə icazə versə, bura müayinə üçün həkim gələ bilər. Bu hal yaşanıb. Sadəcə məhkəmənin icazəsi lazımdır”.
Professor Adil Qeybullanın dəvət edilməsi vəsatətinə dövlət ittihamçısı etiraz etsə də, məhkəmə vəsatəti təmin edib.
Prokuror ittiham aktını oxuyub.
Təqsirləndirilən şəxs ittiham aktı ilə razılaşmayıb və aktı əsassız adlandırıb. Həmçinin “Quska” özünü təqsirli hesab etməyib.
Hakim Azər Tağıyev cinayət işinin sübuta yetirildiyi halda 7 ildən 12 ilədək onu həbs cəzası verilə biləcəyini nəzərə çatdırıb.
Təqsirləndirilən Hüseyn Abdullayev istintaqa verdiyi ifadəni təstiq edib.
Məhkəmə prosesində şahid dindirilib.
Şahid qismində çıxış edən İlqar Mustafayev bildirib ki, mən Hüseyn Abdullayevi 1994-cü ildən tanıyıram. 1995-ci ildə isə mən onun restoranında administrator vəzifəsində işləmişəm. Həmçinin mən onun digər obyektlərində işçilərə nəzarət edirdim:
“Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva mənə etibarnamə vermişdi. Mən onların ödəniş işlərini də həyata keçirirdim. Onların obyektlərindən pul yığırdım. Pulları bəzən nağd özlərinə təhvil verirdim, bəzən də onların bank hesabına köçürüdüm. Tapşırıqları mənə hər üç şəxs verirdi”.
Prokurorun Hüseyn Abdullayevin harada bank hesabları var idi sualına şahid cavab olaraq bildirdi ki, ” Yapı Kredi” bankda onun hesabı var idi. Ora haradan pul gəldiyi barəsində heç bir məlumatım yoxdur.
Şahid ifadəsində qeyd etdi ki, Hüseyn Abdullayev ölkəni tətk etdikdən sonra onunla telefon əlaqəsi olub.
“Mən onunla telefon vasitəsi ilə əlaqə saxlayırdım. O, mənə göstəriş vermirdi. Hətta mən onun dəvəti ilə 2-3 dəfə Türkiyəyə getmişəm. 2-3 günün onun evində qonağ olmuşam. Daha sonra başqa şəhərləri gəzirdim”
Prokuror şahidə sən Hüseyni tanıyanda o imkanlı idi sualına şahid bildirib ki, mən onun cibini görməmişdim. Nə qədər pulu var idi bilmirəm. Lakin maşını bahalı maşın idi.
Bununla yanaşı, şahid bildirib ki, onlar həmişə qanuni çalışıb. Biz obyektləri qanuni sənəd üzrə icarəyə verirdik. Həmişə rəsmi sənədləşmə olub. Gördüyümüz işlər tam qanuni olub”.

Şahidin ifadəsi bitdikdən sonra vəkil Günay İsmayılova şahidin istintaq dövründə verdiyi ifadə ilə indiki ifadənin ziddiyyət təşkil etdiyini məhkəməyə bildirib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstinadlar Report