Azərbaycanda Silahlı Qüvvələr Günüdür.

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü.

Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlər idi.

Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Yeni doğulan Azərbaycanı hələ beşikdə ikən boğmaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər növbədə durmuşdu.

Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaradıldı.

Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi.

Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan olundu.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordunun imkanları daha da genişləndirdi.

8 il öncə baş verən Aprel döyüşləri Silahlı Qüvvələrimizin qüdrətini nümayiş etdirdi.

Vətən müharibəsi bu yenilməz ordunun namını dillərə dastan etdi. Köksündə şanlı bayrağı qürurla daşıyan hərbçilərimiz həmin müharibəni qələbə ilə taclandırmağa nail oldu.

Keçirilən antiterror tədbirləri sayəsində müstəqil Azərbaycanın təhlükəsizliyi də sürətlə təmin edildi.

Bu uğurların nəticəsidir ki, hazırda ordumuz dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır.

Buna misal olaraq, 2021-ci ildə “Global Firepower” təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələrinin “dünyanın ən güclü ordusu” reytinqində 63-cü yerdə qərarlaşmasını göstərmək olar.

Doğum günün mübarək, hürr Azərbaycanın qüdrətli ordusu!