“Huawei” şirkəti fevralın 11-12-də mənzil-qərargahının yerləşdiyi Şençjen şəhərində keçiriləcək proqram tərtibatçıları üçün konfransı təxirə salıb. Rəhbərlik bu qərarı Uhan şəhərində “2019-nCoV” koronavirusunun səbəb olduğu pnevmaniyanın yayılması ilə əlaqədar qəbul edib.

Məlumata görə, konfransın martın 27-28-də keçirilməsi planlaşdırılır. Lakin tədbirin təhlükəli virusun daha da yayılacağı təqdirdə yenidən ertələnəcəyi istisna edilmir. Çinin digər iri şirkətlərinin də böyük tədbirlərin keçirilməsi ilə bağlı planlara düzəlişlər edəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 21-də Çin hakimiyyəti yeni “2019-nCoV” koronavirusunun ilk dəfə aşkarlandığı Uhan şəhərinə girişi bağlayıb. Şəhərdən aviareyslər, qatar və avtobusların yola salınması, eləcə də nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Karantinin nə vaxt ləğv ediləcəyi məlum deyil.

Hazırda Çində yeni tip koronavirusa yoluxanların sayı 570 nəfəri ötüb. Onların 17 nəfəri vəfat edib. Koronavirus Tailand (3 nəfər), Koreya Respublikası, ABŞ və Yaponiya (hərəyə bir xəstə) kimi ölkələrdə də aşkarlanıb.

Oxumağa dəyər:   Yeni "iPhone" modeli "Wi-Fi 802.11ay" standartını dəstəkləyəcək

Nizam Nuriyev

İstinadlar ict news