Honkonqda minlərlə sakin hakimiyyətin üz örtüklərinə qadağa qoymaq qərarına qarşı etiraz edərək küçə yürüşləri keçiriblər.

Ötən gün mətbuat konfransı zamanı Honkonq rəhbəri Karri Lam ictimai mənafeləri naminə müəyyən tənzimləmə tədbirlərini dəstəkləyəcək fövqəladə qanun tətbiq etdiklərini açıqlamışdı. Burada küçəyə çıxma qadağası, mətbuatda senzura tətbiqi, limanlara və bütövlükdə nəqliyyata nəzarətin artırılması nəzərdə tutulur.

Bu tədbirlərlə yanaşı, etiraz aksiyası iştirakçılarının tanınmamaq üçün geniş istifadə etdikləri üz maskaları da qadağan olunur. Qarşıdakı gecəyarısı qüvvəyə minəcək bu qadağanı pozanlar həbs oluna, yaxud 25 min Honkonq dolları (3200 ABŞ dolları) məbləğində cərimə oluna bilər. K.Lam bu qaydanın dini və tibbi səbəblərlə üzülərini örtənlərə şamil edilməyəcəyini də diqqətə çatdırıb.

Bəzi ictimai birliklərin bu qərara görə hakimiyyəti məhkəməyə verməyə hazırlaşdıqları bildirilir.

Xatırladaq ki, 1997-ci ildən Çinin tərkibinə qaytarılan Honkonqda bu günlərdə Çin Komunist Partiyasının hakimiyyətə gəlməsinin 70 illiyi münasibətilə keçirilən Çinə qarşı etiraz aksiyaları zamanı etirazçılarla polis arasında sərt qarşıdurmalar baş vermişdi.

İstinadlar Report