Azərbayacan İnternet Forumun rəhbəri, ekspert Osman Gündüz ölkədə dövlət qurumlarının vətəndaşlardan hələ də kağız formasında arayış tələb etməsi probleminə toxunub. 

Ekspertin  sözlərinə görə, artıq rəqəmsal hökumətə keçsək də, adi identifikasiya, inteqrasiya problemləri hələ də həll olunmamış qalır: “Vətəndaş hansısa xidməti almaq üçün ən modern quruma, yəni ASAN Xidmətə yaxınlaşır. Asan Xidmət ondan hərbi xidmətlə əlaqəli qeydiyyatda olması haqqında arayış tələb edir. Vətəndaş deyir ki, bu arayış ASAN-nın digər qurumunda, Elektron Hökumətin İnkişafı Mərkəzinin MyGov portalında elektron formada var. Lakin vətəndaşa bildirirlər ki, elektron formada olan bu arayış hüquqi deyil, həmin arayış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən kağız formada gətirilməlidir.

Qəribə və absurd situasiya hələ də davam edir.

Bir yandan hökumət böyük xərc çəkib xidmətləri elektronlaşdırır. Arayışları rəqəmsal edir. Amma digər dövlət qurumları bunu tanımır və vətəndaşlardan kağız formada müxtəlif arayışlar tələb olunur.

Düşünürəm ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eGov Mərkəzi arayışlar və çıxarışlar problemini birdəfəlik həll etmək üçün çox ciddi çalışmalıdır. 

Qonşu ölkələrin bir çoxunda bu məsələ öz həllini çoxdan tapıb, artıq belə bir problem onlarda yoxdur”.

Ekspert əlavə edib ki, qanuvericilik analiz olunmalı və arayışların və çıxarışların bir çoxu ləğv olunmalıdır: “Hansısa xidmətlər üçün arayışlar tələbi ləğv olunmalı, dövlət qurumu vətəndaşla əlaqəli məlumatları vətəndaşdan deyil, aidiyyatı dövlət qurumundan almalıdır. 

Rəqəmsal arayış və onların tanınması müxanizmi , onun hüquqi əsasları yaradılmalıdır. Bu prosesi sürətləndirmək və problemi tam həll etmək üçün Dövlət Agentliyi səylərini gücləndirməlidir”.

İstinadlar Qafqazinfo