Hindistanın cənubundakı Tamilnad ştatının Kançipuram rayonunda polis “Samsung India Electronics Ltd” şirkətinin zavodu iflic edən tətilə qoşulmuş 250-yə yaxın işçisini saxlayıb.
Məlumata görə, etirazçılar guya şəxsi torpaq sahələrini zəbt ediblər və icazəsiz aksiya keçirirlər. Bununla belə, işçilər əraziyə toplaşaraq etiraz aksiyası keçirmək üçün torpaq sahibindən icazə aldıqlarını iddia edirlər.
Bildirilir ki, işçilər bir sıra tələblər, o cümlədən təşkil etdikləri həmkarlar ittifaqının tanınması, əmək haqlarının artırılması və digər güzəştlər tələbi ilə çıxış edirlər.
Tamilnad ştatının maliyyə naziri Tanqam Tennarasu tətili dayandırmaq üçün Hindistan Həmkarlar İttifaqları Mərkəzinə (CITU) məktub yazıb.