Hindistan Rusiya-Ukrayna müharibəsi fonunda silah tədarükündəki qeyri-müəyyənliyə görə, 10 ədəd dəniz bazalı, radiolokasiya izlənməsi sistemli “Ka-31” helikopterinin satın alınması ilə bağlı Rusiya ilə danışıqları dayandırıb.

Bu barədə çərşənbə axşamı Hindistanın “Defence News” nəşri məlumat yayıb.

“Hindistan hökuməti “Rosoboroneksport” və orijinal avadanlıq istehsalçısı olan “Vertolyotı Rossii” ASC ilə danışıqları qeyri-müəyyən müddətə dayandırıb”, – nəşr ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

Onların fikrincə, danışıqların dayandırılmasına, digər məsələlərlə yanaşı, ödəniş köçürmələri ilə bağlı problemlər də səbəb olub.

Xatırladaq ki, Hindistan 2019-cu ilin may ayında Rusiyaya “Ka-31” helikopterləri almaq üçün müraciət etmişdi, lakin pandemiya səbəbiylə danışıqlar dayandırılmışdı. Danışıqlar bir də 2022-ci ilin fevralında tərəflərin 10 “Ka-31” helikopteri üçün 520 milyon ABŞ dolları məbləğində vəsait ödəniləcəyi barədə razılığa gəlinməsindən sonra bərpa edilib.

İstinadlar Report