Sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməli və erməni xalqı da öz mövqeyini bildirməlidir. Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusional əsasda ifadə etməlidir.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan sonra proses irəliyə doğru daha da sürətli şəkildə gedə bilər: “Sülh müqaviləsinin mətni üzrə Ermənistanın təklifləri bu yaxınlarda Azərbaycan tərəfinə təqdim olunub və həmin təkliflərin göndərilməsi 70 gündən çox vaxt alıb. Bu, çox böyük bir vaxtdır. Ermənistan əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə maraqlıdırsa, 70 gün ərzində cavab göndərilməsi özlüyündə sual doğurur”.