Bu gün Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərginin açılışı olub.

Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.

Sərginin açılışında çıxış edən Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil sahələrində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb.

 Soltan Məmmədov fotosərginin əhəmiyyətinə toxunaraq deyib ki, Reza Diqqəti 30 illik işğal və dağıntı ilə yanaşı bu gün azad olunan ərazilərimizdə sürətlə gedən yenidənqurma işlərini də fotolentə alan bir fotoqrafdır.

 Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxışında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərin inkişaf etdiyini bildirib. Vurğulayıb ki, bu gün iki ölkənin münasibətləri siyasi, iqtisadi və elmi sahələrdə güclüdür və etimada əsaslanır. Səfir sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sərgidə fotoqraf Reza Deqatinin müxtəlif illərdə Azərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi fotolar yer alıb. Bu əsərlər ziyarətçilərə Azərbaycan və Fransaya poetik və duyğulu səyahət təklif edir.

Qeyd edək ki, Reza Deqati bugünədək 100-dən çox ölkəyə səyahət edib. Onun işləri kitablar, sərgilər, “National Georaphic” jurnalı, eləcə də digər beynəlxalq mətbuatda yer alıb. Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib. Fondun təşkilatçılığı ilə Reza Deqatinin əsərləri Parisdə, UNESCO-nun mənzil-qərargahında, Moskvada, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub. Heydər Əliyev Mərkəzindəki “Rezanın daxili Odisseyası” adlı fotosərgi iyulun 27-dək davam edəcək.













İstinadlar Qafqazinfo