“Sosial şəbəkələrdə yeniyetmə məktəblinin zorakı və alçaldıcı hərəkətlərə məruz qalmasına dair yayılan video bir çox aspektdən ciddi müzakirəyə ehtiyacı olan məsələdir. Öncəliklə, hadisə hüquqi qiymətləndirmə tələb edir. Olayda açıq-aşkar qəsdən sağlamlığa zərər vuran hərəkətlər mövcuddur və bunu istintaq müəyyən etməlidir bu zərər yüngüldür, ağırdır və s. Deməli, cinayət hüququ aspektindən qiymətləndirilməsi zəruridir”.

Bunu Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu öz feysbuk hesabında yazıb. Ekspert əlavə edib ki, olayın məktəbdə baş verməsinin hüquqi nəticələri mövcuddur: “Məktəb hər bir ailənin öz övladını təhsil məqsədi ilə əmanət etdiyi qorunan yerdir. Əgər burada qorunan hesab edilən yerdə belə hadisələr baş verirsə, bunun ciddi hüquqi nəticələri, məsuliyyəti qaçılmazıdır.

Üçüncüsü, məktəbdə bir sinifdə təhsil alan uşaqların bir-birinə münasibətindəki bu zorakılığın, olayı “fəxrlə” kameraya köçürən, təşviq edən, səssiz qalan gəncliyimizin psixoloji tərəfi ciddi araşdırılacaq məsələdir. Biz cəmiyyət olaraq, media olaraq, ailə olaraq harada hansı səhvləri buraxmışıq və buraxırıq ki, bu görüntülərdəki hiddət doğuran mənzərə ortaya çıxa bilir?

Dördüncüsü, bu, olayın ictimaiyyətə çıxış məsələsidir. Belə zorakılığın baş verdiyini göstərən kadrların ictimai əhəmiyyəti varmı sualının cavabı, əlbəttə var və hökmən belə faktlar gün üzünə çıxmalıdır ki, neqativliklərə qarşı effektiv tədbirlər görülsün. Deməli, hadisənin ictimailəşməsi zəruridir. Lakin, əsas sual necə, hansı formada? Yeniyetmələr (məktəbli uşaqlar) arasında bu olay baş verdiyinə görə bu görüntülərin yayılması zamanı həm hüquqi, həm etik məsələlər önə çıxır”.

Ələsgər Əhmədoğlu qeyd edib ki, Media haqqında qanuna əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir: “Görüntüdəki zərər görən şəxs və zərər verən şəxs hər ikisi yetkinlik yaşına çatmadığına görə onların görüntülərində onları identifikasiya edəcək şəklin, videonun, adının yayılması qanunsuzdur. Əlbəttə əgər valideynlərinin icazəsi yoxdursa. Valideynlərinin icazəsi olduğunu ehtimal etsək, bu dəfə jurnalist etikası-media etikası dövriyyəyə girər. Yəni hətta ehtimal etsək ki, valideyn icazə verib ki, onun övladının şəxsiyyəti haqqında məlumat yayılsın (xüsusilə zərər görən tərəf olayın ört-basdır edilməməsi üçün bunu istəyə bilər) bu halda jurnalistlər, media təmsilçiləri yenə də etik qaydalara uyğun davranaraq yeniyetmələrə dair şəxsi identifikasiya edəcək nə üz görüntülərini, nə adını, nə də onu identifikasiya edəcək digər məlumatları yaymalıdır. Olayı əks etdirən video olduğuna görə orada şəxslərin öz cizgilərini qapatmalı, olayın baş verdiyi məktəbin adı istisna olmaqla, hətta sinfini də bildirməməlidir.

Ümid edirəm olayın həssaslığı nəzərə alınacaq, media, jurnalistlər bu kimi hallarda daha diqqətli davranacaq. Rəsmi qurumlar isə qanunvericiliyə uyğun zəruri hərəkətləri dərhal edib, cəmiyyəti inandırıcı addımlar atacaq”.

İstinadlar Qafqazinfo