Yanvarın 23-də Respublika Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, iclasda çıxış edən Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il hərbi sahədə qeydə alınmış cinayətlərin 99 faizi, o cümlədən bəzi qəbildən olan ağır cinayətlərin 100 faizi açılıb.

O deyib ki, görülmüş tədbirlər nəticəsində 2021-ci illə müqayisədə 2022-ci ildə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 83,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 73,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 62,1 faiz, mülkiyyət əleyhinə cinayətlər 28,9 faiz, xuliqanlıq cinayətləri 25 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,7 faiz və özünü öldürmə hadisələri 33,3 faiz azalıb.

Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunub. 2021-ci illə müqayisədə 2022-ci ildə ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb. Bundan başqa, şəxsi qəbulların sayı 15,7 faiz artıb.

Vurğulanıb ki, 2022-ci ildə 7 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Sonra məruzə ətrafında çıxışlar olub.

İstinadlar Qafqazinfo