İyunun 23-də Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilərlə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbir iştirakçılarını, bütün qaziləri və şəhid ailələrini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin vurğulayıb ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilib. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələri üçün verilən Prezident təqaüdünün artırılması məqsədilə qısa zaman ərzində ölkə rəhbərinin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olub. Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür. Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir və bundan sonra da iştirak edəcəklər.

Sonra Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə öz dərin təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyatda olan polkovnik Abdulla Qurbani və digər qonaqlar çıxış ediblər.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim olunub.