Hərbi gəmilərin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb – VİDEO
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üç mərhələ üzrə həyata keçirilmiş təlimdə HDQ-nin döyüş gəmiləri dəstəsi və dəniz piyadaları iştirak edib.
Təlim zamanı döyüş fəaliyyətinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə döyüş əməliyyatlarının aparılması və müxtəlif şəraitdə gəmi taktiki qruplarının müvafiq tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərin yerinə yetirilməsidir.
Ağdam-Füzuli yolundan ən son – Fotolar – Video
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.
Bununla bağlı AAYDA məlumat yayıb.
Məlumata əsasən, uzunluğu 65.7 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. Yolun layihə üzrə nəzərdə tutulan və 0.2, 5.6, 12 və 39-cu kilometrlik hissələrdə yerləşən 4 körpünün tikintisi, 63 və 65-ci kilometrlik hissələrdə isə yolötürücülərinin inşası yekunlaşıb.
Hazırda layihə boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir.
Ümumilikdə layihə üzrə tikinti işləri 82% icra olunub.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
İki gün əvvəl partlayış olan binanın sakinəri narazıdır – VİDEO
Dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada baş verən partlayış zamanı mənzillərinə ziyan dəyən sakinlər onlara diqqət göstərilmədiyini deyir.
Bu barədə Oxu-az-a danışan sakinlər bildirib ki, onların vəziyyəti ilə maraqlanan yoxdur: “İndiki vaxtda günlərlə gedib dost-tanış evində qalmaq olmur. Binaya girməyə icazə vermirlər. Harada qalmalıyıq, nə etməliyik – bilmirik. Uşaqlarımız məktəbə gedə bilmirlər, özümüz də çarəsizlikdən hərəmiz bir yerə dağılışmışıq. Bəs bunun sonu nə olacaq?”
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, hadisənin nəticələrinin aradan qaldırılması üçün icra hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər davam etdirilir: “Hadisə baş verən bina altı girişdən ibarətdir və mütəxəssislərin rəyi əsasında dünən günorta saatlarından etibarən üç girişdə yaşayış tam bərpa olunub. Digər girişlərlə bağlı da tədbirlər davam etdirilir. Mütəxəssislərin rəyi əsasında bu girişlərlə bağlı da addımlar atılacaq.
Gün ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları ərazidə olublar. Sakinlərin müraciəti əsasında onlar müvəqqəti olaraq müvafiq yerlə təmin olunublar. Növbəti qərarlara uyğun olaraq İcra Hakimiyyəti tədbirlər görəcək”.
Xatırladaq ki, Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.
Gəncədə ADSEA-nın xüsusi texnikalarına baxış keçirildi – Video
2025-ci ildə Gəncə şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III oyunları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Gəncə şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.
Tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov, Gəncə şəhər Sukanal İdarsənin rəisi Şöhrəddin Verdiyev, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Kamran Məhərrəmov və Agentliyin əməkdaşları iştirak ediblər.
Bildirilib ki, növbəti il Gəncədə təşkil olunacaq oyunlar üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi texnikaları hazır vəziyyətə gətirilib. İdarə rəisi Şöhrəddin Verdiyev isə qeyd edib ki, Gəncə şəhəri üzrə 71500 abonentə xidmət göstərilir. İdarənin tabeliyində 24 ədəd texnika var ki, onlardan 2 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib.
ADSEA-nın nümayəndəsi Ülfət Kazımov bildirib ki, nəqliyyat vasitələrinin hamısı əsaslı təmirdən çıxıb, hamısı saz vəziyyətdədir. O, 2025-ci ildə Gəncə şəhərində keçiriləcək Beynəlxalq olimpiadayla əlaqədar hazırlıq işləri getdiyini xatırladıb:
“ADSEA-nın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi olaraq biz də baxış keçirdik. Demək olar ki, tam vəziyyətdə hazırıq”.
Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev Gəncə şəhərində keçiriləcək oyunlarla əlaqədar 6 ədəd texnikanın əsaslı təmir olunaraq, 2 ədəd isə yeni texnikanın verildiyini bildirib.
Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyətinə gətirilib.
Vilayət Eyvazov Balakəndə qəbul keçirdi – Video
Daxili işlər naziri Vilayət Eyvazov Balakəndə qəbul və sıra baxışı keçirib.
Bu nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 3-də və 4-də Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Balakən rayonunda Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 194 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Zaqatalada yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonda general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 198 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sığorta limiti nədir? – Video
“Sığortalk” rubrikasında bu dəfəki mövzu “Sığorta limiti”dir.
Cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Orxan Babayev sığorta limiti ilə bağlı sualları cavablandırıb.
Həmin rubrikanı təqdim edirik:
Xırdalanda yaşayış binasında yanğın oldu – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.
Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Sumqayıtda 3 nəfər dağıntılar altından sağ çıxarıldı – Video – Foto
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar FHN-in qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əlavə məlumat veriləcək.
FHN metroda təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Nəsimi” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Nəsimi” stansiyasında platformanın alt kabel kollektorunda 2-ci yolun 380 volt idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Nuru paşa Sabirabadda bu evdə qalıbmış – Video
1918-cı ildə mart qırğını zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam ordusunun komandanı general Nuru paşa öz dəstəsi ilə birlikdə Kürdəmir və Şamaxı rayonlarını daşnak-bolşevik birləşmələrindən təmizlədikdən sonra Bakıya gedərkən yolunu Sabirabaddan salır.
O, rayonun Bulduq kəndindəki bu evdə gecələyir.
Sözügedən ev dövrün zəngin bəylərindən biri olan Kərbəlayi Nəcəfqulu bəyə məxsusdur.
Bulduq kəndinin əsası Nəcəfqulu bəyin babası Osmanlı ordusunun yüzbaşısı Mirzəli bəy tərəfindən qoyulub.
Nəcəfqulu bəyin qohumu Əliş Rzayevin sözlərinə görə, bu torpaqlar 1831-ci ildə türk ordusunun yüzbaşısı Mirzəliyə hədiyyə olunub.
1888-ci ildə evin bünövrəsi qoyulan zaman Kür daşqınları ziyan vurmasın deyə ən hündür yer seçilir.
Ətraflı “İTV Xəbər”in süjetində:
“Nəvəmi belimdə yola çıxararaq məktəbə aparıram” – Video
Bakının Buzovna və Maştağa qəsəbələrini su basıb.
Hər iki qəsəbənin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından şikayətçidirlər.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, məsələyə baxılmadığını bildiriblər.
“Hər dəfə yağış yağanda küçələri su basır. Küçəni maşınla keçməyə ehtiyat edirik. Hətta bəzi maşınlar suyun dərinliyindən ehtiyat edib geri qayıdır. Vallah, aidiyyəti qurumlara demişik, baxan yoxdur. Nəvəmi belimdə yola çıxararaq məktəbə aparıram”, – vətəndaşlar bildirib.
Sakinlərdən biri deyib ki, yağış suları səbəbindən evinə 15 min manat ziyan dəyib:
“Evimiz təzə təmirdən çıxıb. 15 min mənə, 20 min manat xalamgilə ziyan dəyib”.
Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, intensiv yağış qurunt sularının qalxmasına, subasma dinamikasının artmasına səbəb olub. Hazırda suların çəkilməsi istiqamətində işlər aparılır.
Xəzər Rayon İcra Hakimiyyətindən isə verilən açıqlamada deyilib ki, problemə səbəb mövcud ərazidə kanalizasiya sistemi olmamasıdır.
Ətraflı videomaterialda:
Tikinti apararkən başlarına uçan evin – Görüntüsü – VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.
Hadisə tikinti işləri aparılan zaman baş verib. Uçqun nəticəsində 30 yaşlı Camal Rəsulov ölüb, digər iki nəfər isə yaralanıblar.
Hadisə yerindən görüntüləri təqdim edirik:
“Referans” 8 yaşını qeyd edir – Video
Referans Klinik Laboratoriya Mərkəzi 8 yaşını qeyd edir.
8 ildir vətəndaşların sağlamlığı üçün durmadan çalışan Laboratoriya və Poliklinka Mərkəzi illər ərzində filial şəbəkəsini daha da genişləndirib.
“Hər kəsə qayğı ilə” şüarı ilə fəaliyyət göstərən Referans Klinik Laboratoriya Mərkəzi hər kəsin etimadını qazanan məkana çevrilib. Bu gün minlərlə insan ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən Mərkəzin həkimlərinə öz canlarını əmanət edirlər.
Azərbaycanın ən böyük klinikalar şəbəkəsi olan Referans Klinik Laboratoriya Mərkəzini 8 yaşı münasibətilə təbrik edirik!
Daha bir qanunsuz tikili söküldü – Video
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bununla bağlı FHN məlumat yayıb.
Məlumata əsasən, müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
“1250-yə harada ev almaq olar?” – Evləri sökülən vətəndaşlar narazıdır – VİDEO
Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanında söküntü işlərinə start verilib.
Ərazinin bir qismi sökülsə də, bəzi sakinlər onlara təklif edilən məbləğlə razılaşmır.
Sakinlər bildirib ki, evlərinin qanuni sənədi var, onlara təklif edilən məbləğlə isə başqa yerdə mənzil sahibi ola bilmirlər.
Onlar iddia edirlər ki, evlərinin yerində yeni binanın inşası nəzərdə tutulsa da, onlara bununla bağlı heç bir təklif edilmir.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov deyib ki, hazırda Süleyman Vəzirov küçəsi ilə yanaşı, Xəqani Rüstəmov küçəsində də söküntü işləri aparılır. Söküntü dövlət sifarişi ilə “Ağ şəhər” layihəsi çərçivəsində icra olunur. Ərazinin qiymətləndirilməsi qiymətləndirmə komissiyası tərəfindən aparılıb və hər kvadrat metr üçün vətəndaşlara 1250 manat pul verilir.
Vətəndaşların iddia etdiyi qanunsuz söküntü və ya xəbərdarlıq edilmədən aparılan söküntü işlərinə gəlincə, qurum rəsmisi bildirib ki, bu yalnış məlumatdır. Sökülən evlərə əvvəlcədən xəbərdarlıq edilib, razılıq əldə olunub, komissiya ilə müqavilə imzalanıb. Vəsait vətəndaşın hesabına köçürüləndən və ev boşaldılandan sonra söküntü işləri icra olunur.
Daha ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə:
Prezident və ailəsinin Nəbatat Bağında gəzintisi – Video
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
“Qafqazinfo” açılış mərasimindən videonu təqdim edir:
Ağadadaş Ağayevin məhkəmə istintaqı başlayır – Video
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.
Binəqədi Rayon Məhkəməsindəki ilk baxış iclasında prokuror ittihamı elan edəcək.
Xalq artisti məhkəmədən əvvəl jurnalistlərin bir sıra suallarını cavablandırıb.
Sail Ağasəlim
Ətraflı videoda:
Həmçinin baxın
“1250-yə harada ev almaq olar?” – Evləri sökülən vətəndaşlar narazıdır – VİDEO
Sağlam gələcək üçün ödənişsiz psixoloji dəyərləndirmə – Aksiyadan yararlanın – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla