Azərbaycan hərbçilərinin təkidi ilə Xocavənd rayonunda yerləşən Cütçü kəndindəki Amaras monastrının üzərindən qondarma qurumun bayrağı yığışdırılıb.

Bu barədə “Hraparak” qəzeti erməni icmasının rəhbəri Lernik Avanesyana istinadən yazıb.

İcma rəhbərinin sözlərinə görə, azərbaycanlı hərbçilərin tələbindən sonra rus general erməni hərbçilərdən qondarma rejimin bayrağını endirməyi istəyib.

Qondarma separatçı rejimin qanunsuz “qanunverici orqanı”nın  “Ədalət” fraksiyasının “deputat”ı sayılan Metaks Akopyan Ermənistanın “Factinfo” nəşrinə sentyabrın 21-də fraksiya həmsədri və üç “deputat”la birgə  bəhs edilən Cütçü kəndində olduğunu bildirib.

M. Akopyanın sözlərindən məlum olur ki,  erməni  sakinlər “GPS” köməyi ilə irəliləyən Azərbaycan hərbçilərinin əslində “sərhədi”  keçdiklərini və Amaras məbədi üzərindəki əski parçasının yerinə Azərbaycan bayrağı sancdıqlarını söyləyiblər.
Ermənilər rus sülhməramlılarına üz tutduqdan sonra guya onlar azərbaycanlıları əvvəlki mövqelərinə geri çəkilməyə vadar ediblər.
“Bunun azərbaycanlıların tələbi olub-olmadığını bilmirəm, amma Rusiya tərəfi Artsax bayrağını götürməyi və bu qədər vacibdirsə,  onun yerinə Ermənistan bayrağını  taxmağı təklif edib” –deyə erməni “deputat” əlavə edib.
M.Akopyan sonda Azərbaycan bayrağının yerində qaldığını, yoxsa Ermənistan bayrağıyla əvəzləndiyini dəqiq açıqlamayıb…
Bu arada Caliber.az-ın dünən gecə yaydığı məlumata görə, hazırda Amaras məbədi üzərində heç bir bayraq yoxdur.