Azərbaycanın Rusiyadakı səfirliyi iyulun 6-da Azərbaycan vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxsin səfirliyin binasının önündə çəkdikləri videoya münasibət bildirib.

Səfirlikdən verilən məlumata görə, həmin şəxslər videoda Azərbaycana getmək istədiklərini, bununla bağlı səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kimin qəbul etmədiyini və məlumat vermədiyini bildiriblər.

“Bu qətiyyən həqiqətə uyğun deyil. 2 iyul tarixində səfirliyin vitse-konsulu, birinci katib Rövşən Axundov şəxsən Rəşid Məmmədovla görüşüb və ona mövcud vəziyyəti başa salıb. 6 iyul tarixində isə səfirliyin konsulluq şöbəsinin əməkdaşı, üçüncü katib Müsənnif Dadaşov adıçəkilən şəxslə iki dəfə telefonla danışıb və ona hazırkı durumu bir daha izah edib.

Söhbət zamanı məlum olub ki, Rəşid Məmmədov www.evegedirem.info portalında qeydiyyatdan keçməyib. Onun diqqətinə çatdırılıb ki, ilk növbədə portalda qeydiyyata düşmüş iki minə yaxın vətəndaşımız növbə ilə Azərbaycana göndərilirlər. “Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysləri ilə sözügedən portalda qeydiyyatdan keçənlərlə yanaşı səhhətində ciddi problemi olan vətəndaşlarımız ölkəmizə yola salınırlar. Belə olan halda onun Azərbaycana dönməsi məsələsi açıq olaraq qalır”, – deyə məlumatda bildirilib.

Məlumatda xatırladılıb ki, həm Azərbaycanda, həm Rusiyada karantin rejimi cari ilin 1 avqust tarixinədək davam edəcək: “Bu səbəbdən səfirliyin konsulluq şöbəsində vətəndaşların şəxsən qəbulu keçirilmir. Bu haqda səfirliyin internet səhifəsində və inzibati binasının önündə elan yerləşdirilib. Bununla yanaşı səfirlikdə fəaliyyət göstərən “qaynar xətt” və elektron poçt vasitəsi ilə vətəndaşlarımızın müraciətləri qəbul olunur. Cari ilin 19 mart tarixindən 7 iyul tarixinədək yalnız səfirliyin “qaynar xətti”nə 155 mindən artıq müraciət daxil olub. Hər bir müraciətə də fərdi olaraq baxılıb, mümkün olan köməklik göstərilib.

Rusiyadakı Azərbaycanın çoxsaylı vətəndaşlarına dəfələrlə xəbərdarlıq edilib ki, cari ilin 1 avqust tarixinədək sərhədlər bağlıdır və hər kəsin olduğu yerdə qalması məqsədəuyğundur. Küçədə çəkilmiş təxribat xarakterli videodan da göründüyü kimi pandemiya dövründə istifadəsi məcburi olan maska və əlcək geyməyən, sosial məsafə gözləməyən həmin şəxslər edilən xəbərdarlıqlara məhəl qoymurlar. Onlar səfirliyə təzyiq göstərmək məqsədi ilə səfirliyin qarşısında çəkiliş aparır və binanın önündə səfirliyin konsulluq şöbəsində vətəndaşların qəbulunun dayandırıldığı haqda elanı qəsdən göstərməyərək ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar”.