Həmin qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq? – Video

Sabahdan etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Belə ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Avtomobil məsələləri üzrə ekspert Sərxan Qədirov deyir ki, taksi fəaliyyəti ilə bağlı qadağalar qüvvəyə minəndən sonra alıcı aktivliyi müşahidə olunacaq.
Onun sözlərinə görə, avtomobil almaq istəyən şəxslər nəqliyyat vasitələrinin daha da ucuzlaşacağını düşünürlər.
Ekspert bildirir ki, bazara satışa çıxarılacaq taksi xidməti üçün gündəlik istifadədə olan avtomobillər nisbətən ucuz qiymətə təklif oluna bilər.
Sərxan Qədirov deyir ki, qadağadan sonra taksi fəaliyyətini davam etdirmək üçün yeni avtomobil almaq istəyənlərin də sayında artım müşahidə olunacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.
Ekspert əlavə edib ki, iyulun 1-dən sonra köhnə avtomobillərin qiymətlərində kəskin uculaşma proqnozlaşdırılmır.
Daha ətraflı videomaterialda:
DTX-dən antiterror əməliyyatı: 8 ölü, 6 həbs – VİDEO

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri – Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atıb, nəticədə xüsusi təyinatlılardan biri yaralanıb, Əlipaşa Kamilov isə zərərsizləşdirilib.
Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri – Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar.
Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.
Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilmiş və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdiriliblər.
Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilib.
Qanunsuz olaraq ammonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb.
Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan cinayətkar dəstənin üzvləri – Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ankarada ağır yol qəzasında 7 nəfər yaralanıb – VİDEO

Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.
Bu barədə İHA məlumat yayıb.
“Qəza Elmadağ rayonunda baş verib <…> Aşaraq yuvarlanan iki avtomobil yararsız hala düşüb, 7 nəfər yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Hökməlidə kafedə yanğın baş verib – VİDEO

Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, üçmərtəbəli obyektdə baş verən yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 731 m² olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 m² sahədə yanıb. Tikikinin böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb.
Toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki, hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Toplanışın planına uyğun olaraq onlara ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib.
Bununla yanaşı, ehtiyatdan çağırılanların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Qeyd olunub ki, təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəliyə fəxri fərmanlar təqdim edilib.
MƏLUMAT YENİLƏNİR …
Şabranda yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb – VİDEO

Şabranda yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi işlək vəziyyətdə deyil, yanğın su hovuzu istifadəyə yararsızdır;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyektdə mövcud olan ildırımötürücünün sazlığı barədə mütəxəssis aktı tərtib olunmayıb;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir – VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.
Məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətin maarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinə yetirilməsi ilə davam edib.
Sonra təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələləri keçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarının taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və praktiki atış çalışmaları icra edilib.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılanların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi sayəsində döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.
KİV: MDB vətəndaşları Rusiyada İranın “Şahed-136” PUA-larını yığmağa məcbur edilirlər – VİDEO

MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşları saxta yolla Tatarıstanda (Rusiya – Qeyd) İrana məxsus pilotsuz uçuş aparatlarının qeyri-qanuni istehsalı üzrə gizli zavodda işə cəlb olunurlar.
Bu barədə “Baku” telekanalının materialında deyilir.
Məlumata görə, internetdə Tatarıstan Respublikasında yüksək texnologiyalı istehsal üçün xüsusi iqtisadi zonanın ərazisində Rusiyadan deyil, MDB ölkələrindən olan vətəndaşların işlə təmin olunmasını nəzərdə tutan “Alabuga Start” proqramı haqqında reklamlar aktiv şəkildə yayılır.
“Parlaq, cəlbedici veb sayt, karyera yüksəlişi və maraqlı iş vəd edir. Hər şey qaydasındadır, amma insanlar perspektivli qazanc ümidi ilə orada iş tapır, bu zonaya köçür və sonda elanda deyilənlərdən başqa bir işə cəlb olunurlar”.
Daha ətraflı videoda:
Hacıqabulda yük avtomobili yanıb, qoşqusundakı 14 ton qida məhsulu məhv olub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib.
Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb.
Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.
Qılıncla rəqsi gündəm oldu – Video

ABŞ Prezidenti Donald Tramp dünən andiçmə mərasimindən sonra xanımı Melania Trampla birgə bir gecədə 3 ziyafətdə iştirak edib.
Tədbirlərdə, həmçinin Trampın ailə üzvləri, siyasətçilər və məşhur şəxslər iştirak edib.
Tramp ilk qatıldığı ziyafətdə səhnədə prezident təyyarəsi “Air Force One”ın tərzində hazırlanmış tortu kəsib. Bunun ardınca, o, səhnədə qılıncla rəqs etməyə başlayıb.
Onun bu rəqsi həm zaldakılar, həm də daha sonradan sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
Gəncədəki bıçaqlanma “şortik davası” imiş – Video

Xəbər verdiyimiz kimi, Gəncədə qanla nəticələnən mübahisə baş verib.
Mübahisə şortik üstündə düşübmüş.
Belə ki, şəhərin Adelxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayə yaşayan 54 yaşlı Samux sakini İlimşah Şahvələdov axşam saatlarında zivəyə paltar asarkən həyətdəki gənclər onunla şortik geyindiyinə görə mübahisə ediblər.
Daha sonra ona bıçaqla xəsarət yetirilib.
Hadisə şahidi Xəyalə Rzayeva bildirib ki, hücum edən şəxslər içkili olublar:
“Bıçağı çıxarıb kişinin üstünə qaçdı. Bıçağı boğazına çəkəcəkdi, kişi arxaya çəkildiyi üçün kürəyinə vurdu. Kişi şalvar geyinmişdi, sadəcə aşağısını qatlamışdı. Dedilər ki, çölə niyə belə çıxmısan?! Bizim də evimizdə uşağımız var, qorxudan qapını kilidləyib evdən çıxmırıq”.
DİN-in əməkdaşı Eşqin Qasımov bildirib ki, kişiyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Ətraflı videomaterialda:
Bakıda qarajda yanğın olub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-dən bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12kv.m. olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb.
Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub.
Vaşinqtonda Donald Trampın inaqurasiya mərasiminə son hazırlıq işləri gedir – CANLI – VİDEO

Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimi ilə bağlı son hazırlıq işlər gedir.
Yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 18:30) Nebraska və Linkoln universitetlərinin birləşmiş xor kollektivlərinin çıxışları başlayıb. Bundan sonra mərasimin rəsmi hissəsi başlayacaq və əvvəlcə Vens and içəcək.
Daha sonra Tramp inauqurasiya nitqinə başlayacaq və və administrasiyasının növbəti dörd il üçün hədəflərini açıqlayacaq.
Trampın inauqurasiya nitqindən sonra səlahiyyət müddəti başa çatan Cozef Baydenin ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edəcəyi gözlənilir.
Yeni dövlət başçısı daha sonra prezident otağında bir sıra əsas sənədləri imzalayacaq.
İnauqurasiyada Tramp və Vens ailələrinin üzvləri, həmçinin vəzifəsini tərk edən Baydenlə həyat yoldaşı, vitse-prezident Kamala Harrislə əri iştirak edəcək. Bundan başqa, inauqurasiyaya ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Bill Klinton və Corc Buş qatılıb.
Hərbi vəzifəlilər atıcı silahlardan və qumbaraatanlardan praktiki atış ediblər – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış icra edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.
Toplanışın növbəti günündə təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara atıcı silahların və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və məşq etdirilib. Daha sonra təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını icra ediblər.
Nübar qəsəbəsində partlayış olub, 5 nəfər yaralanıb – VİDEO

Abşeron rayonunun Nübar qəsəbəsində fərdi yaşayış evində baş vermiş partlayışda beş nəfər yaralanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.
Qurum qeyd edib ki, partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
“FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, – məlumatda vurğulanıb.
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb – VİDEO

Bakıda restoranların birində soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu ərazisində yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib 150 manatını alması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.
Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
FHN xilasediciləri şərti qəza zamanı deformasiyaya uğramış avtomobildən yaralını xilas ediblər – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda praktiki gecə təlimi keçirib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişlər” xilas edilərək, onlara təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Həmçinin baxın
KİV: MDB vətəndaşları Rusiyada İranın “Şahed-136” PUA-larını yığmağa məcbur edilirlər – VİDEO
Hacıqabulda yük avtomobili yanıb, qoşqusundakı 14 ton qida məhsulu məhv olub – VİDEO
Vaşinqtonda Donald Trampın inaqurasiya mərasiminə son hazırlıq işləri gedir – CANLI – VİDEO
Hərbi vəzifəlilər atıcı silahlardan və qumbaraatanlardan praktiki atış ediblər – VİDEO
FHN xilasediciləri şərti qəza zamanı deformasiyaya uğramış avtomobildən yaralını xilas ediblər – VİDEO
Bakıda narkotikin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb – VİDEO
Bakının üç rayonunda binaların elektrik paylayıcı qutularından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO
“Union Logistics” şirkəti sahibkarların 300 min dollarını mənimsəyib? – VİDEO
“Gec gəldilər, texnika da işləmədi deyə şadlıq evi bu vəziyyətə düşdü” – Video
“Haber Global”ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla