Haqq Ədalət Partiyasının sədri Əli İnsanova partiya üzvlüyündən çıxmaqla bağlı yazıldığı deyilən ərizə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən ərizəni jurnalist Elman Cəfərli sosial şəbəkə hesabında paylaşıb. Paylaşımda partiyanın Xətai Rayon Təşkilatının üzvü kimi təqdim edilən Məmməd Məmmədovun başqa təşkilata keçməsi ilə bağlı partiyadan xaric edilməsini xahiş etdiyi görünür. Ərizə olduğu bildirilən sənədin kənarına isə qırmızı hərflərlə ona baxan şəxs tərəfindən “Konkret rədd ol!” yazıldığı deyilir.

Partiya sədrinə aid olduğu iddia olunan imza və həmin ifadə ilə bağlı Ə. İnsanovun köməkçisi Rəşad Abbaslıdan münasibət öyrənib. O, yayılan ərizənin saxta olduğunu bildirib: “Elə bir adam bizim partiyada olmayıb və belə hal da baş verməyib. Qeyd edim ki, nə o xətt, nə də həmin imza Əli İnsanovundur”.

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov vəzifədə olduğu vaxt jurnalist Afət Telmanqızına qarşı kobud rəftarı ilə gündəmə gəlmişdi. O, məhz bu ifadədən – “konkret rədd ol!”dan istifadə edərək cavab verməkdən yayınmışdı.