“Cəmiyyət olaraq narkomaniya ilə mübarizə aparmalıyıq. Maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir. Məktəblərdə, mətbuatda narkomaniya ilə mübarizə üçün görülən işlərin genişləndirilməsinə ehtiyac var. Sənədli filmlərin hazırlanıb mətbuatda yayımlanması, maarifləndirmənin əhatə dairəsinin genişləndirilməsi, sosial şəbəkələrdə qısa videoçarxların hazırlanıb paylaşılması narkomaniya ilə mübarizəyə dəstək verə bilər”.
 
Bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin “Narkomaniya ilə mübarizə ailə cəmiyyətinin sağlamlığıdır” mövzusunda keçirilən birgə dinləmədə deyib.

O bildirib ki, narkomaniya ailələrin bədbəxtliyinə, həmin ailədə böyüyən uşaqların psixologiyasına mənfi təsir edir: “Aidiyyəti qurumlar narkomaniyaya qarşı ciddi mübarizə aparır. Nə qədər mübarizə aparılsa da, hələ bunun kökünü kəsmək mümkün olmayıb. Bu bəlanın qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur”.

İstinadlar Qafqazinfo