Hökumətə qarşı bütün qanunsuz tələbləri diktə etmək cəhdlərinin qarşısı ən sərt formada alınacaq.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda polislə vətəndaşlar arasında qarşıdurma yaranması və 13 nəfərin yaralanması barədə danışarkən deyib.

“Heç bir qanunsuz kompromis olmayacaq və bunu hamının bilməsi vacibdir. Bu vəzifəni hüquq-mühafizə orqanları qarşısında dəqiq şəkildə qoyuram. Heç kim hökumətlə şantaj dilində danışmaq haqqına sahib deyil”, – deyə o bildirib.

Ermənistan Polisinin rəhbəri Valeri Osipyan isə dünən İcevanda baş verən aksiyada 500-600 nəfərin iştirak etdiyini deyib. O, etirazçıların polisin tələbinə tabe olmadığını söyləyib:

“Heç nədən asılı olmayaraq, biz hər kəsin polisiyik və hər kəsin yanında yer alırıq, amma bəzi insanlar var ki, səbrimizi zəiflik kimi qəbul etməyə cəhd edirlər. Bəli, Ermənistan qanunvericiliyində göstərildiyi kimi, polis güc tətbiq etdi və tətbiq etməyə davam edəcək”.

Qeyd edək ki, dünən İcevanda taxta-şalban sexlərinin əməkdaşları etiraz aksiyası təşkil edib, Gürcüstana gedən yolu qapadıblar. Etirazçılar hökumətdən meşələrdə ağac kəsilməsinə qoyulan qadağanın ləğvini tələb ediblər. Nəticədə polislə toqquşma yaranıb və 13 nəfər yaralanıb.

İstinadlar axar.az