Yenicə həbsdən azad olunan jurnalist Zaur Qənbərov Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı ilə bağlı maraqlı iddialar səsləndirib.

Jurnalist Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyev və onu müavini Ramiz Tatarov ilə birlikdə Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında (Gəncə türməsində) həbsdə olduğunu qeyd edib.

“61 nömrəli otaqda idim. Qapıdan bir nəfər girdi. Həmin adam Gəncənin keçmiş icra baçısı Eyvaz Babayevin bacısı oğlu idi. Bildirdi ki, 24 nömrəli otağı dağıtdılar ki, bəs telefon işlədirsiniz. Amma telefon yox imiş. Həmin 24 nömrəli otaq supertəmirli otaqdır. 4 çarpayı var. Hər çarpayının qiyməti 500 manatdır. Məsələ başqa imiş. N. Quliyevi və R. Tatarovu Bakıdan Gəncə Ağır Cinayətlər Məhkəməsinə hökm oxunmaq üçün etap gətiriblərmiş, otaq da onlara hazırlanırmış. Elə də oldu. Həmin şəxslər 24 nömrəli otağa yerləşdirildi. Təbii ki, pulsuz yox. Hər ay sözügedən məbləği ödəmək şərtilə.

N.Quliyev və R.Tatarov otaqdakı supertəmiri belə bəyənməyərək öz hesablarına otağı yenidən təmir etdirdilər. İkimərtəbəli çarpayıları çıxartdıraraq əvəzində divan, kreslo, yataq dəsti, böyük diaqonallı televizor, pleysteyşn, döşəməyə xalça və s. təşkil etdirdilər. Hətta kasıb məhbuslardan birini də (məhbusun öz istəyilə) özlərinə qulluqçu götürdülər.

Yəni həbs etsələr də adamlar keflərindən qalmırlar. Bunlar üçün başqa cəza növü düşünülməlidir. Yaxud digər məhbuslar kimi cəza çəkməyə məcbur edilməldirlər”, – deyə jurnalist bildirib.