“Huawei” şirkətinin inkişaf etdirdiyi “Harmony OS” 2020-ci ilin sonunda ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq. Bu barədə Çin şirkətinin ictimaiyyətlə əlaqələr üzrə baş vitse-prezidenti Coy Tan bildirib.

Onun sözlərinə görə, “Harmony OS” sistemi “Android” ilə müqayisədə az kod həcmi və müxtəlif qurğularda əlavələrin işə salınması imkanı kimi bir sıra üstünlüklərə malikdir.

“Harmony OS” güclü funksiyalı yüngül, kompakt əməliyyat sistemidir. O, bazarın digər əməliyyat sistemləri ilə müqayisədə az kod sətri sayına malikdir və daha təhlükəsizdir”, – o qeyd edib.

“Huawei” şirkəti “Harmony OS” sistemini iki il əvvəl hazırlamağa başlasa da, bu prosesi bir neçə ay əvvəl kəskin sürətləndirib. Bu, ilk növbədə ABŞ tərəfindən tətbiq edilən və yerli texnoloji şirkətlərin “Huawei” ilə əməkdaşlığının qadağan edilməsini nəzərdə tutan sanksiyalarla əlaqədardır. Bundan başqa, şirkət “Android” üçün “Google” servislərindən istifadə, eləcə də “Windows” sistemi ilə iş üçün yeni qurğuların sertifikasiyalaşdırılması imkanından məhrum edilib.

Oxumağa dəyər:   "Portal yüklənməyə məruz qalıb" - Açıqlama

Çin şirkəti öz qurğularında “Android” sistemini “Harmony OS” ilə əvəzləməyi hələ ki planlaşdırmır. Şirkət nümayəndələrinin sözlərinə görə, lakin belə ehtiyac yaranacağı təqdirdə əvəzlənmə prosesi üçün çox vaxt tələb olunmayacaq. Həmçinin “Huawei” gələcəkdə sistemin çıxış kodunu açmağı nəzərdə tutur.

Nizam Nuriyev

İstinadlar ict news