Azərbaycanda sonuncu Prezident və parlament seçkilərindən sonra pandemiya şəraitinin hökm sürməsinə baxmayaraq, çox ciddi proseslər baş verməkdədir. Bu proseslərin qarşısını ala bilməsə belə, ikinci Qarabağ müharibəsi də baş verənlərə ciddi təsirsiz ötüşmədi.

Artıq müharibədən demək olar ki, bir il ötüb və biz həm də bütün dünya kimi postpandemiya dövrünə qədəm qoymaqdayıq. Pandemiyanın ən sərt dönəmində və müharibə günlərində cəmiyyət tərəfindən ciddi şəkildə sezilə bilməyən siyasi proseslər bu gün tam başqa bir mənzərəni əks etdirir. Ölkədə Prezident tərəfindən siyasi islahatlar və demokratikləşmə istiqamətində əhəmiyyətli addımların atılması istəyi ortaya qoyuldu. Ancaq paralel olaraq otuz ilə yaxın davam edən düşmən işğalı və təcavüzünə qarşı həlledici prosesə başlanılması da zərurətə çevrildi. Dövlətimiz və xalqımız üçün demək olar ki, eyni dərəcədə həyati əhəmiyyət daşıyan siyasi islahatların və Vətən müharibəsinin aparılmasında ilk dəfə bir çoxlarının sezmədiyi analoji məzmunlu addımlar atıldı. Hər iki istiqamətdə ciddi və real uğurun əldə edilməsi üçün, bilavasitə rəhbərliyi öz üzərində saxlayan Prezident, uzun illər bir çox hallarda özlərinin yarıtmaz, bəzən isə məqsədyönlü fəaliyyətləri ilə bu proseslərə maneçilik törədən şəxsləri prosesdən kənarlaşdırdı.

Hərbi idarəetmədəki bir sıra rəhbər şəxslərin yeni və uğurlu kadrlarla əvəz edilməsinin Qarabağ probleminin bizim qəti qələbəmizlə həllini reallaşdırdığı kimi, yeni siyasi konfiqurasiyanın fromalaşdırılması istiqamətində də ölkədə həm hakimiyyətin icra qanadında, həm də, hakim partiya daxilində ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi. Məqsəd müxtəlif səbəblərdən uzun illər bu prosesə mane olan və bir çox hallarda da, elə özünü müxalifət adlandıran bəzi quvvələrlə birlikdə məkrli addımlar atan şəxsləri dövriyədən çıxarmaq idi. Yenidən eyni neqativ halların baş verməməsi üçün, onları bu məsuliyyətli və yüksək vəzifələrdə əvvəllər həmin proseslərdən kənarda olan və eyni zamanda da idarəetmə sahəsində ciddi təcrübəyə sahib kadrlar əvəz etməli idi. Beləliklə, uzun illər bu sahəyə məsul olan və “fəaliyyət”ləri ilə ölkədəki siyasi islahatlar prosesinə mane olanlar, Prezident Adminstrasiyası və hakim partiya rəhbərliyi səviyyəsində o məkrli quvvələrin heç bir ləkə ata bilməyəcəkləri, dövlətçilik tarixində şəffaf və nəticəli fəaliyyətləri ilə seçilən təcrübəli şəxslərlə əvəzləndi. Hazırda bilavasitə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilməkdə olan siyasi demokratikləşmə istiqamətində real siyasi dialoqun aparılması prosesi konkret bu sahəyə məsul olan şəxslər tərəfindən mütəmadi olaraq cəmiyyətimizi də məlumatlandırmaqla uğurla davam etdirilir.

Aparılan yeniliklər və prosesin fərqli xarakterdə irəliləməsi bir sıra quvvələrin planlarını pozub və ovqatlarını yamanca təlx edib. Bununla yanaşı, zamanında birlik olmaları faktı, hazırda həmin şəxslərin dövlətimizin tarixində baş verən çox ciddi tarixi siyasi proseslərdən əsassız və arqumentsiz şəkildə kənarda qalmalarından da açıq görünməkdədir. Buna baxmayaraq həmin quvvələrin bəziləri əvvəldən bu prosesə qoşulmasalar da, digərləri isə prosesə qoşulub, aparılan bu real dialoqda özlərini və ya maraqlarını tapa bilmədikdən sonra kənarlaşmaq qərarı verdilər.

Uzun illərdir ki, saçlarının ağarmaları ilə paralel fikirləri gündən günə qaralmaqda olan və ölkədə baş verən siyasi proseslərə heç bir təsir göstərə bilməyənlər baş verənləri imitasiya adlandırır. Kiçik təhlil aparıb baş verənlərin, yoxsa bir illik hakimiyyətləri dövründə onların üzündən aldığımız yaraları hələ də tam sağalda bilmədiyimiz AXC-Müsavat cütlüyünün və özünü vip oğlan kimi aparan eyni adlı partiya sədrinin hərəkətlərinin imitasiya olduğunu anlamaq asandır. Nəinki minlərlə, heç yüzlərlə insanı Lökbatana yığmağı bacarmayanlar bunu yolun uzaqlığı və həmin şəxslərin hüquq mühafizə orqanları tərəfindən cəzalandırılacaqları ilə əsalandırmağa uğursuz cəhdlər edirlər. Bundan sonra özlərini, bir çağırışı ilə on minlərlə insanın Qarabağa canından və qanından keçmək bahasına da olsa getməyə hazır olmalarına səbəb olan Prezident İlham Əliyevə alternativ hesab edirlər. Uzun illərdir bir araya gələ bilməyən müxalifətin bir araya gətirilməsini və orada müzakirə edilən ciddi mövzuları bir kənara qoyub, bunu həmin şəxslərin şəxsi problemlərinin həlli prosesi kimi qiymətləndirənlər 28 ildir ki, özlərinin ev, ofis, maddi durumları və hətta internet kimi məişət problemlərinə dair “məhrumiyyət”ləri barədə çıxışlarını niyə unudurlar?! 

Hakimiyyətdə olduğu illərə uyğun 16, 17 metr ərazini işğldan azad etməməsi barədə ittihamlar ünvanladıqları Prezident İlham Əliyevin işğala son qoymasından sonra ritorikalarını dəyişməyə məcbur qalanlar elə ermənipərəst Fransanın səfiri kimi həmin ərazilərə səfər etməkdən boyun qaçırırlar. Həm də, xalqımızın və dövlətimizin tarixi uğuru olan tarixi qələbəmizə təkcə Prezidentin uğuru kimi baxıb ifrat qısqanclıqlarını ortaya qoyanların bu hərəkəti siyasi və mənəvi deqradasiyadan başqa bir şey deyil. Bəlkə də, bununla zamanında özlərinin ucubatından xalqımızın və dövlətimizin yaşadığı dəhşətli faciələrin acı nəticələrinin görüntülərini canlı olaraq görməklə bağlı utanc və peşimançılıq hisslərini büruzə verirlər. Ancaq, bu hərəkətlərinə haqq qazandırarkən səsləndirdikləri absurd ittihamlar heç də bunu demir. Hər sözlərində və çıxışlarında 44 günlük müharibə dönəmində həmrəylik və birlik nümayiş etdirmələrini gözə soxmağa çalışan bu şəxslər undur ki, onların həmrəyliyi o zaman deyil, daha çox indiki postmünaqişə dövründəki siyasi və diplomatik proseslərdə vacibdir. Əgər hətta, Azərbaycana qarşı olan quvvələrin dediyi kimi onlar da iddia edirlərsə ki, münaqişə tam bitməyib və müharibə davam edir, o zaman niyə müharibə zamanındakı kimi birliklərini daha qabarıq Şuşada və ya Ağdamda nümayiş etdirmirlər?! Niyə, vətəndaşlıq mövqeyi ortaya qoyub, Zəfər yolu boyunca siyasəti və hakimiyyəti zərrə qədər düşünməyən canlarını və qanlarını göz qırpmadan qurban verən cəsur övladlarımızın şəhadətə yüksəldikləri müqəddəs yerləri ziyarət etmirlər?!

Belə suallar çoxdur və qarşı tərəfdən isə düzgün cavablar yoxdur. Doğru cavab isə birdir. Hakimiyyəti siyasi dialoq imitasiyasında ittiham edənlərin özləri onilliklərdir ki, siyasi imitasiya ilə məşğuldurlar. Bu prosesdə isə bir çox Avropa təşkilatları ilə əməkdaşlıq edən bu quvvələr elə ATƏT-in Minsk qrupu kimi bir sıra qurumların nəticəsiz görüntü yaratmaq təcrübələrindən uzun illər ərzində maksimum yararlanıblar. Məqsəd isə siyasi iddialar, intəhasız ambisiyalar və şəxsi maraqlardır. Bunun əksini isbat etmək üçün yol bəlli və qapılar isə açıqdır!

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov