Milli Məclisin komitəs sədri, deputat Hadi Rəcəbli müsahibəsində ailə ənənələrindən danışıb:

– 15 may Beynəlxalq Ailə Günüdür. Çoxuşaqlı ailədə böyümüş Hadi Rəcəbli Azərbaycanda ailə institutunu necə xarakterizə edərdi?

– Cəmiyyətin ilk təşkilatı, təməli, tərbiyənin, sağlamlığın, həyat tərzinin, dünyaya baxışın mənbəyi ailədir. Ona görə də öz ailəmizin nümunəsində bu suala cavab vermək istəyərdim. Anam əməkdar müəllim, Lənkəranda tanınmış nəslin nümayəndəsidir. Bəylərov Kərbəlayi Yunusun 8 qızı, bir oğlu olub. Ata babam Məşədi Əlinin isə 10 uşağı olub. Bir dayım, bir əmim Böyük Vətən Müharibəsinə gedib, qayıtmayıb. Hər iki ailə həmişə dini adət-ənənələrə, Qurandan irəli gələn çoxlu qaydalara riayət edib, ənənələr nəsildən nəslə ötürülüb. Mən də çoxuşaqlı ailədə böyümüşəm, 2 bacı, 4 qardaş olmuşuq. Hamımız ali təhsil almışıq, həmişə nəslimizin ənənələrini yaşatmışıq. Bizim ailənin kökündə birinci zəhmət olub. Həyatda zəhmətsiz heç nə ola bilməz. Tənbəllik bizim nəslə yad amildir. İkincisi, təhsil, savad önəmlidir. Üçüncüsü, ailəmizdə sağlamlıq ənənəsi olub. Ailə ilə bağlı dördüncü məsələ mənəviyyatla bağlıdır. Bizə yalan danışmamağı, halallığı, mənəvi saflığı, sədaqətli olmağı təlqin ediblər. Həyat yoldaşımla 45 ildir, ailə qurmuşuq, 4 övladımız – 2 qız, 2 oğlumuz var, hamısı ali təhsil alıb, heç biri ələbaxımlı böyüməyib. Oğlanlarım məktəbdə oxuyandan – 15 yaşlarından işləyib, pul qazanıblar. Böyük ailəmizdə bütövlük var, bir-birinə dəstək, qayğı var. Dəstək deyəndə, xeyrində, şərində yanında olmaqdan, qayğı göstərməkdən, məsləhət verməkdən söhbət gedir. Yəni biz ailə institutunun bu vacib elementlərini saxlamağa və ötürməyə çalışırıq. On nəvəm var. İki nəvəm ali təhsil alıb, magistraturanı bitirib. İki nəvəm hazırda ali məktəbdə oxuyur, bir nəvəm bu il ali məktəbə imtahan verəcək. Nəvələrimin hamısı qızlı-oğlanlı idmanla məşğul olurlar.
Evimizdə həmişə başımızın üzərində Quran olub, iş otağımda da Quran var. Hazırda ailə üzvlərimizin bir çoxu, mənim bildiyim iki bacım, iki qardaşım, onların bir neçə ailə üzvləri, mən və həyat yoldaşım, iki oğlum və iki qızım, bir nəvəm oruc tuturuq. Mən nəyə heyfslənirəm? Bu gün cəmiyyətə örnək ailələri göstərmirlər. Biz örnək ailələri ortaya çıxarmalı və cəmiyyətə nümunə göstərməliyik. Çalışmalıyıq ki, Azərbaycan ailəsi nümunə olsun və dövlətimiz, xalqımız üçün layiqli övladlar yetişdirsin.
İstinadlar ONA