Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib”, – o deyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.

DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Qeyd edək ki, naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlində əlindəki təsbehi qırıb kənara atmışdı.