Gürcüstanda hakimiyyət və müxalifət nümayəndələri siyasi böhrandan çıxmaq üçün müqavilə imzalayıblar.

Imzalanma mərasimi Gürcüstan prezidentinin Tbilisidəki iqamətgahında baş tutub. Sözügedən razılaşma Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən təklif edilib.

“Bu gün çox vacib gündür. Bu saziş bütün problemlərin həlli üçün yeni, dinc bir başlanğıcdır”, – deyə gürcü prezident Salome Zurabişvili deyib.

Aİ-nin Gürcüstandakı səfiri Karl Hartselin sözlərinə görə, “Gürcüstana gedən yol” adlanan bu saziş parlamentdə davam edəcək və Gürcüstanın inkişafı üçün əsas olacaq yeni bir başlanğıc anlamına gəlir.

Qeyd edək ki, Gürcüstanda siyasi böhran əksər müxalifət partiyalarının seçki saxtakarlığı olduğunu iddia edərək parlamentdəki yerlərini geri çəkmələri ilə başlayıb.