
Gürcüstanda ailələrdə boşanma halları artıb, nikaha daxil olma faktı isə xeyli azalıb.
Bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2016-cı ildə 9 539 cütlük boşanıb. Bu da 2015-ci illə müqayisədə 427 fakt çoxdur.
Boşananların 3 064-ü gənc ailələr olub. Onlar son 4 il ərzində ailə həyatı quranlardır.
Ötən il boşanan 2 274 cütlüyün birgə ailə həyatı 5-9 il davam edib. Qalanlar isə 10, hətta 20 il birgə ailə həyatı yaşayanlar olublar.
Ən çox boşanma halı paytaxt Tbilisidə qeydə alınıb. Ötən il paytaxtda 3 688 ailə dağılıb.
İmereti bölgəsində 1 450, Kvemo Kartli bölgəsində isə 982 boşanma faktı qeydə alınıb.
Ötən il Gürcüstanda 25 101 nəfər nikaha daxil olub. Bu da 2015-ci illə müqayisədə 4 056 fakt azdır.
Nikaha daxil olanların çoxu 20-24 və 25-29 yaş arasında olan gənclərdir. Keçən il ən çox nikah müqaviləsi paytaxt Tbilisidə bağlanıb – 7 304. İmereti bölgəsində 3 832, Acarıstanda isə 2 631 nikaf müqaviləsi bağlanıb.
Gürcüstanın Raçe-Leçxumi və Kvemo Svaneti bölgəsində cəmi 203 nikah müqaviləsi bağlanıb.