“Gürcüstan Baş Naziri İrakli Qaribaşvilinin Bakı səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yeni bir təkan olacaq”.

Bu barədə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bildirib.

Səfirin sözlərinə görə, Bakıda keçiriləcək görüşlərdə ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlıq sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran geniş məsələlər müzakirə ediləcək.

“Bu, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana çox vacib bir səfəridir. Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də Baş nazir və Parlamentin sədri ilə görüşlər planlaşdırılır. Siyasi məsələlərin hamısı – ticarət, iqtisadi, mədəni və humanitar sahələr müzakirə ediləcək. Səfərin iki ölkə arasındakı münasibətlərə yeni bir təkan verəcəyinə əminəm”, – deyə səfir qeyd edib.

Diplomat Gürcüstan və Azərbaycan üçün çox aktual olan Azərbaycan-Gürcüstan sərhədinin demarkasiya-delimitasiya məsələsinə də toxunub və bunun Gürcüstanın Baş nazirinin səfəri zamanı da müzakirə mövzusu olacağını istisna etmədiyini bildirib:

“Sərhədlərimizin demarkasiya-delimitasiya məsələsinə gəldikdə, iki il əvvəl Bakıda komissiyanın iclası keçirildi, Tbilisidə başqa bir iclasın keçirilməsi planlaşdırılırdı, ancaq pandemiya bunun qarşısını aldı. Düşünürəm ki, komissiyanın başqa bir iclası yaxın gələcəkdə tərəflərin bu mövzunu müzakirə edəcəyi bir vaxtda baş tutacaq. Əminəm ki, bu məsələ iki dost ölkə, strateji tərəfdaşlara uyğun şəkildə həll ediləcək”.