“Ermənistan Prezidentinin istefası sözsüz ki, ciddi daxili siyasi böhranın göstəricisidir. Bu böhran faktiki olaraq Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi qətiyyətli qələbədən sonra davam edir”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında tanınmış politoloq Badri Naçkebiya Ermənistan Prezidenti Armen Sarkisyanın istefa səbəblərini şərh edərkən deyib.

Gürcü ekspertin fikrincə, A.Sarkisyanın Baş nazir Nikol Paşinyanla gərgin münasibətləri olub və istefası böyük ehtimal ki, bu problemlərdən yaxa qurtarmaq məqsədi daşıyıb: “Təcrübəli siyasətçinin Ermənistanın yeni siyasi isteblişmentində yer tapmaması onu göstərir ki, ölkədə institusional problem hökm sürür. Ermənistanda parlament respublikası modeli də çox ciddi durğunluq keçirir”.

B.Naçkebiyanın sözlərinə görə, Ermənistanda siyasi arenada çox cidd ziddiyyətlər var: “Müxalifət partiyaları bütün problemlərə görə məhz Paşinyanı günahlandırırlar. Hesab edirəm ki, Paşinyan hazırkı vəziyyətdə kadr yerdəyişmələri edərək mövqeyini möhkəmləndirməyə çalışacaq. O, bəzi müxalifət təmsilçilərini də öz tərəfinə çəkməyə cəhdlər edəcək. Fikrimcə, istənilən digər halda, əgər Paşinyan kəsərli addımlar atmasa, Ermənistanda hakimiyyətə eks-prezident Robert Koçaryan kimi şəxslər və “Qarabağ klanı”nın nümayəndələri qayıda bilərlər”.

Digər gürcü politoloq Gela Vasadze isə hesab edir ki, A.Sarkisyanın prezidentliyi dövründə Ermənistanda ölkənin xeyrinə olmayan bir sıra çox ciddi hadisələr baş verib: “Böyük ehtimal ki, dövlət başçısı sadəcə davam etmək istəmədi, xüsusən də ona görə ki, o, Nikol Paşinyanın siyasi komandasının üzvü deyil”.

Siyasi şərhçinin sözlərinə görə, A.Sarkisyanın istefasının kompleks səbəbləri olub: “Sarkisyanın növbəti prezident seçkilərinə qədər bir ili qalmışdı. Onun həqiqətən də heç bir hakimiyyət səlahiyyəti olmayıb. O, bundan sonra baş verənlərə görə məsuliyyəti öz üzərinə götürmək istəmədi”.