“Gülməyimiz gəlir” – Prezidentdən Sarkisyanın “İskəndər” hədəsinə tutarlı cavab

Prezident İlham Əliyev hərbçilərlə görüşündə Serj Sarkisyanın Azərbaycanı “İskəndər” raketləri ilə hədələməsinə münasibət bildirib.
Azərbaycan 24 xəbər verir ki, Ali baş komandan Ermənistan prezidentinin hədələrini gülünc adlandırıb: “Bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, – mən onu bir daha qeyd etmək istəyirəm, – dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır.”