“Ancaq yenə də bu məsələ ilə məşğul olanda hər zaman mən keçmişə qayıdıram, tarixə qayıdıram və sual verirəm. Nə üçün torpaqlarımız işğal altına düşdü? Necə oldu ki, biz bu torpaqları qoruya bilmədik? Necə oldu ki, ermənilər xarici dəstəyin hesabına torpaqları işğal etdilər, insanları öz doğma torpaqlarından didərgin saldılar? Mən bu suallara cavabı bilirəm və Azərbaycan xalqı da bilir. Amma yenə də həmişə fikirləşirəm ki, əgər o vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi. Çünki onun dövründə Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini çıxara bilmirdi. Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya onları orada incidirlər və yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan idi. Çünki iqtisadi göstəricilər var, onlar göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ondan əvvəl – 1960-cı illərdə hadisələr baş verib. Ancaq Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə qədər orada heç bir hadisə olmayıb. Mən şəxsən atamla birlikdə Dağlıq Qarabağda olmuşam, Xankəndidə, Şuşada. Mən o ab-havanı görmüşəm, 1980-ci illərin əvvəllərində həm qış aylarında, – o məşhur fotolar, videolar var, – həm də yaz aylarında. Orada – həm Xankəndidə, həm də başqa yerlərdə heç bir problem yox idi”.

Bu sözləri Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxış edərkən deyib.

“Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, müdrikliyi imkan vermirdi ki, bir dənə də erməni baş qaldırsın. Şuşada olan zaman o qədim Azərbaycan şəhərinin tarixini görərkən biz bir daha görürdük ki, bizim nə qədər böyük tarixi irsimiz var. Yadımdadır, Ulu Öndər ev-muzeyləri, Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında və digər göstərişlər vermişdi ki, Azərbaycan mədəniyyəti orada daim yaşasın. Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Aydın məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar. Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar.

İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal altına düşüb. Baxın, Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş nə baş verdi? Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə qoşulmuşdu. Sovet İttifaqının başında dayanan adamlar da öz ermənipərəst mövqeyi ilə fərqlənmişlər. Biz bunu yaxşı bilirik və artıq hərəkət başladı. O vaxt Azərbaycan hakimiyyəti nə etdi? 1987–ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən gedəndə sonra cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi. Bu tarixə bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu da tarixi faktlardır”, – deyə, dövlət başçısı əlavə edib.